Bakı. Trend:
İqlim dəyişmələrinin ən çox diqqətdən kənar qalan məsələlərindən biri təhsilə təsirlə bağlıdır.
Trend xəbər verir ki, bunu UNİCEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib.
O bildirib ki, baş verən daşqınlar, hava şəraitinin kəskin dəyişməsi uşaqların təhsilinə müəyyən əngəllər yaradır:
"Eyni zamanda Emin Əmrullayevin də qeyd etdiyi kimi, xüsusilə gənc qızların təhsilinə erkən yaşda sərmayənin qoyulması vacibdir".
Onun sözlərinə görə, planentdə baş verən hadisələr uşaqların gələcəyinə də böyük təsir göstərəcək.
"Çünki iqlim dəyişikliyi ilə bağlı xəstəliklərin 88 faizi 5 yaşından aşağı uşaqların payına düşür. İqlim problemləri yönündə nəzərdə tutulan maliyyənin isə, cəmi 2.4 faizi uşaqlarla bağlı yaranan məsələlərin həllinə ayrılıb", - deyə nümayəndə əlavə edib.
Qeyd edək ki, dekabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir.