Bakı. Trend:
İnzibati nəzarət zamanı müəyyən edilən hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədilə ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri (vətəndaş məmnunluğunun yüksəldilməsi, bələdiyyə aktlarının qəbulu, debitor və kreditor borclarının dəqiq uçotunun aparılması, vergi və ödənişlərin toplanılmasında nəzarətin gücləndirilməsi, yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi, büdcə vəsaitlərindən istifadə, yerli vergilərin hesablanması, bələdiyyə torpaqlarının idarə olunması, şəffaflığın təmini və s.) əhatə edən tövsiyələr hazırlanaraq göndərilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.
Məruzəyə əsasən, il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə 103 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 15 inzibati xəta protokoluna xitam verilib və 11-i isə hazırda məhkəmələrin icraatındadır.
Bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdən sonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.
Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.