Bakı. Trend:
Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində tibb işçilərinin işə qəbulu “İşə qəbul” alt sistemi vasitəsilə həyata keçirilir.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda Nazirliyin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.
Onun sözlərinə görə, bu sistem Nazirlər Kabinetinin 2024-cü il 18 iyul tarixli 344 nömrəli Qərarı ilə tənzimlənir və dövlət tibb müəssisələrində işə qəbul qaydalarını müəyyən edir:
“Alt sistem çərçivəsində vakant vəzifələrin tutulması, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, müsahibələrin keçirilməsi, namizədlərin qiymətləndirilməsi və nəticələrin araşdırılması prosesi mərkəzləşdirilmiş qaydada aparılır. Bu sistemə tabe olduğu səhiyyə qurumundan asılı olmayaraq, dövlət səhiyyə sistemində olan bütün tibb müəssisələri daxildir”.
Mütəxəssis qeyd edib ki, alt sistemin yaradılmasının əsas məqsədi dövlət tibb müəssisələrində işə qəbul prosesinin vahid və şəffaf platforma üzərindən həyata keçirilməsini təmin etməkdir:
“Bu sistem vasitəsilə dövlət tibb müəssisələri tibb işçiləri üçün nəzərdə tutulan vakant vəzifələr üzrə müsahibə elanları yerləşdirə bilirlər. Hazırkı mərhələdə alt sistemdən istifadə edən tibb müəssisələri üçün hansısa məhdudiyyət tətbiq olunmur. Beləliklə, Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələri də “İşə qəbul” alt sistemində vakant vəzifələr üzrə müsahibə elanlarını yerləşdirə bilərlər”.