Bakı. Trend:
2024-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 62023,9 ha ərazidə təmizləmə əməliyyatları icra edilib, həmin ərazilərdə 65 821 ədəd mina və digər hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, 2024-cü ildə həyata keçirilmiş minatəmizləmə əməliyyatlarının 9507 hektarı Ağdam, 11173 hektarı Cəbrayıl, 8881,4 hektarı Füzuli, 5994,4 hektarı Kəlbəcər, 7747,5 hektarı Zəngilan, 5864,7 hektarı Laçın, 2150,3 hektarı Xocavənd, 1039,4 hektarı Tərtər, 1650,1 hektarı Xocalı, 6911,6 hektarı Qubadlı, 261,8 hektarı Şuşa, 842,7 hektarı isə digər rayonların ərazisində icra edilib.
2024-cü ildə 102, 112, 805 xidməti zəng mərkəzlərinə daxil olmuş sorğular əsasında Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərlə yanaşı, ölkənin digər rayon və şəhərlərində (Ağstafa, Bərdə, Goranboy, Göygöl, Naftalan, Qazax, Samux, Şəmkir, Tovuz, Yevlax, Gəncə, Ağcabədi, Ağdaş, Gədəbəy, Qəbələ, Zərdab) 5,9 min ədəd mina və digər hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
Havadan tədqiq olunaraq qiymətləndirilmiş və ya faktiki əkin işləri aparılmış ərazilərdə qeyri-texniki və texniki tədqiqat aparılmaqla, habelə qısaltma və ləğvetmə metodundan istifadə edilməklə Agentlik tərəfindən 2024-cü ildə 13871,7 ha ərazi təhlükədən azad edilib.
2024-cü il ərzində mülki şəxslər arasında 36 nəfər (5 nəfər həlak olub, 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb), hərbi qulluqçular arasında 5 nəfər (5 nəfər müxtəlif dərəcəli xəsarət alıb) mina qurbanı qeydə alınıb.