Ağdərə. Trend:
Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolu yenidən qurularaq istifadəyə verilib və nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin böyük mütəxəssisi Məmməd Məmmədov deyib.
O bildirib ki, yolun ümumi uzunluğu 9.4 km-dir:
"Dövlət başçısının ötən il imzaladığı sərəncama uyğun olaraq, Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib.
Ümumi uzunluğu 9.4 km ola avtomobil yolu dördüncü texniki dərəcədədir. Yol bir gediş, bir gəliş olmaqla iki zolaqdan ibarətdir və hərəkət hissəsinin eni 6 metr təşkil edir. Avtomobil yolunun yenidən qurulması çərçivəsində torpaq yatağı genişləndirilib, yağış sularının kənarlaşdırılması məqsədilə su ötürücü borular quraşdırılıb, beton küvetlər inşa edilib.
Eləcə də, yol əsaslı tikilərək iki lay asfalt-beton örtüyü döşənib. Bundan əlavə, yol boyu üfüqi xətlənmə işləri həyata keçirilib. Müxtəlif növ yol nişanları, həmçinin, sərt döngələrdə metal çəpər quraşdırılıb”.