...

Qarabağ Universiteti Klinikasının təsis olunması bölgədə səhiyyə xidmətlərinin inkişafın töhfə verəcək - Samir Babayev

Cəmiyyət Materials 11 Aprel 2025 11:15 (UTC +04:00)
Qarabağ Universiteti Klinikasının təsis olunması bölgədə səhiyyə xidmətlərinin inkişafın töhfə verəcək - Samir Babayev
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Qarabağ Universiteti Klinikasının təsis olunması Qarabağ bölgəsində səhiyyə xidmətlərinin inkişafında əlamətdar rol oynayacaq və regionda mövcud səhiyyə boşluqlarının aradan qaldırılmasına əhəmiyyətli töhfələr verəcək.

Trend-in yerli müxbirinin məlumatına görə, bunu bu gün Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən beynəlxalq konfransda jurnalistlərə açıqlamasında Qarabağ Universiteti Klinikasının Baş direktoru Samir Babayev deyib.

"Biz gələcəkdə yaradılacaq Tibb və Sağlamlıq Elmləri Fakültəsi vasitəsilə yalnız peşəkar deyil, eyni zamanda innovativ düşüncəli, şəfqətli və etik dəyərlərə malik olan səhiyyə mütəxəssisləri yetişdirməyi qarşıya məqsəd qoymuşuq. Qarabağ Universiteti Klinikası və gələcək Fakültəmizi beynəlxalq standartlara cavab verən, bölgədə və dünyada tanınan bir səhiyyə təhsil və innovasiya mərkəzinə çevirməyi hədəfləyirik", - deyə direktor qeyd edib.

S.Babayev tibb fakültəsində planlaşdırılan əsas proqramlar barədə məlumat verib:

"6 illik Tibb (MD) və 4 illik Tibb Bacısı (BSN) təhsili bu il başlanır. Xəstəyə qulluqda mütəxəssisləşmiş, eyni zamanda araşdırma və liderlik bacarıqlarına malik tibb bacıları yetişdirməyi hədəfləyir. Diş Həkimliyi və başqa proqramları da yaxın illərdə tələbələri qəbul etməyə başlamaq istəyirik".

Direktor qeyd edib ki, rezidentura və magistr səviyyəsində də müxtəlif ixtisaslaşma imkanları, o cümlədən İctimai Səhiyyə üzrə Magistr (MPH) təklif olunacaq.

"Seçmə fənn olaraq incəsənət proqramını nəzərə almaq özünü ifadə, qrup halında əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İncəsənət tələbələrə əsas fənlərdə əldə edə bilməyəcəkləri bacarıqları inkişaf etdirmək imkanı yaradır. Fakültəmizdə ənənəvi öyrənmə metodları ilə kifayətlənmirik. Bunun əvəzinə, kompetensiyaya əsaslanan tibb təhsili tətbiq edirik ki, tələbələr biliklərini praktik vərdişlərə çevirə bilsinlər.İnteqrə olunmuş və fənlərarası təhsil modelindən istifadə edirik", - deyə S. Babayev qeyd edib.

Direktor onu da qeyd edib ki, “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən beynəlxalq konfransın əsas məqsədi gələcək Tibb və Tibb Bacısı proqramlarının tədris modelini, kompetensiya çərçivələrini və idarəetmə strukturunu formalaşdırmaqdır:

"Konfransda tibbi təhsil sahəsində məşhur olan Kernin 6 mərhələli yanaşmasından istifadə edəcəyik. Bu yanaşmanın əsasını problem müəyyənləşdirməsi, tələbələrin ehtiyaclarının dəyərləndirilməsi, tədris məqsədlərinin formalaşdırılması, təhsil strategiyalarının hazırlanması, tətbiq edilməsi və nəticələrin qiymətləndirilməsi təşkil edir. İnanırıq ki, bu metodologiya beynəlxalq standartlara uyğun, eyni zamanda yerli ehtiyaclara cavab verən tədris proqramının yaranmasını təmin edəcək. Konfransın nəticəsində tibbi və tibb bacısı təhsili üçün vahid tədris strategiyası və kompetensiya çərçivəsi hazırlanacaq. Bundan əlavə, tədris proqramlarının effektiv idarə edilməsi və davamlı təkmilləşdirilməsi üçün Məsləhət Şurasının təsis edilməsini planlaşdırırıq. Konfransda əldə ediləcək razılaşmalar gələcəkdə proqramların effektiv tətbiq olunmasına zəmin yaradacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti