...

İran sərhədində naryada atəş açan qaçaqmalçı zərərsizləşdirilib, biri saxlanılıb, digəri qaçıb - DSX (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2025 14:13 (UTC +04:00)
İran sərhədində naryada atəş açan qaçaqmalçı zərərsizləşdirilib, biri saxlanılıb, digəri qaçıb - DSX (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aprel ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

“Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək cavab atəşi ilə atəş açan sərhəd pozucusu hadisə yerində zərərsizləşdirilib, biri saxlanılıb, digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçmağa nail olub.

Əraziyə baxış keçirilərkən “Vinçester” tipli tüfəng, gecə görmə cihazı, patron gilizləri və 3 ədəd böyük bağlamada ümumi çəkisi 32 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə barədə İran tərəfi sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti