Bakı. Trend:
Hazırda Ağdam rayonunda 37154 hektar ərazi təmizlənib və 31105 ədəd mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib.
Trend xəbər verir ki, bunu FHN - nin əməkdaşı Ələkbər Ələkbərov Ağdama mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir:
“Vətən müharibəsi bitdikdən sonra, aidiyyatı qurumlarla yanaşı işğaldan azad edilmiş ərazilərdə minaların və partlamamış hərbi sursatların, eləcə də müharibənin partlayıcı qalıqlarının təmizlənməsi işlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Təyinatlı Hərbi Hissəsi də fəaliyyət göstərməkdədir. Bu fəaliyyət zamanı heyətimiz yüksək səviyyədə kurs keçib. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı nəticəsində təmizləmə fəaliyyətini səmərəli həyata keçirilməsi üçün, müasir avadanlıqla təchiz olunub. Ərazilərin təmizlənməsində mexaniki vasitələrdən də istifadə edilir”.