Bakı. Trend:
Pakistan korrupsiya ilə mübarizə məsələlərində Azərbaycanla əməkdaşlığa hazırdır.
Trend xəbər verir ki, bu barədə Pakistanın Hesabatlılıq üzrə Milli Bürosunun nümayəndəsi Söhail Nasir (Sohail Nasir) BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin Bakıda keçirilən VI plenar iclası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Ötən il Pakistanın Baş naziri ölkənin Azərbaycanla ticarət-iqtisadi əməkdaşlığı və investisiya fəaliyyətini gücləndirmək niyyətində olduğunu bəyan etmişdi. Pakistan birgə seminarların, təlim proqramlarının, potensialın artırılması tədbirlərinin və treninqlərin keçirilməsini nəzərdə tutan memorandum imzalamağa hazırdır. Bu, həmçinin, təcrübə mübadiləsi aparmağa və Azərbaycanda korrupsiyaya qarşı təşəbbüslərin necə həyata keçirildiyini, Pakistanda isə hansı addımların atıldığını daha yaxşı anlamağa imkan verəcək”, – deyə o bildirib.
Nasir bu birgə təşəbbüsün xüsusilə çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində hiss olunacaq müsbət nəticələr verəcəyinə əminlik ifadə edib. O qeyd edib ki, maliyyə axınlarının regionlar arasında sərbəst hərəkəti fonunda çirkli pulların yuyulmasına qarşı effektiv mübarizə yalnız beynəlxalq səviyyədə sıx koordinasiya və əməkdaşlıqla mümkündür.
Pakistanın Hesabatlılıq üzrə Milli Bürosunun nümayəndəsi, həmçinin, öz ölkəsi adından tədbirin təşkilinə görə səmimi təşəkkürünü bildirib:
“Biz Azərbaycanın bu prosesə verdiyi töhfəni yüksək qiymətləndiririk və hərtərəfli dəstək göstərməyə hazırıq. Pakistan Azərbaycanla sıx və konstruktiv əməkdaşlıqda maraqlıdır”, - deyə o əlavə edib.