...

"Bakı Dialoqları" ("Baku Dialogues") jurnalının yeni buraxılışı dərc edilib

Cəmiyyət Materials 20 May 2025 18:14 (UTC +04:00)
"Bakı Dialoqları" ("Baku Dialogues") jurnalının yeni buraxılışı dərc edilib

Bakı. Trend:

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblük ingilisdilli nəşri olan "Bakı Dialoqları" ("Baku Dialogues") jurnalının yaz buraxılışı dərc edilib.

Bu barədə Trend-ə ADA Universitetindən məlumat verilib.

Bildirilib ki, nəşrdə dövrümüzün aktual siyasi, iqtisadi və geosiyasi çağırışlarını araşdıran yerli və beynəlxalq ekspertlərin analitik məqalələri əksini tapıb.

Nəşrin ilk məqaləsi “Orta Dəhlizin Gələcəyinin Qurulması” başlığı altında təqdim edilir. Azərbaycan, ABŞ və Macarıstandan olan ekspertlər tərəfindən birgə qələmə alınmış bu məqalədə Trans-Xəzər İnkişaf Bankının təsis edilməsi ilə bağlı təklif ətraflı təhlil olunub. Məqalədə Orta Dəhlizi rəqabətli və dayanıqlı ticarət və nəqliyyat yoluna çevirmək məqsədilə nəzərdə tutulan regional maliyyə mexanizmləri izah edilib.

Digər əsas başlıq – “İki Müasir Təhlükə: Terrorizm və Ekstremizm” – beynəlxalq təhlükəsizlik və sabitliyə qarşı artan təhdidlərə diqqət çəkib. Məqalədə qeyri-dövlət aktorlarının artan təsiri və qlobal anti-terror strategiyalarındakı yeni meyllər ön plana çəkilib.

Nəşrdə həmçinin vətəndaşsızlıq problemi ilə bağlı məqalə yer alıb. Avropa və Mərkəzi Asiya kontekstində vətəndaşlığı olmayan əhali qruplarının qarşılaşdıqları çətinliklər və onların həlli üçün mümkün siyasi alətlər məqalədə təhlil olunub.

Jurnalın “Heç Kimi Arxada Qoymamaq” başlığı altında yer alan və BMT eksperti tərəfindən qələmə alınmış “İqlim Dəyişikliyi, Həssas Qruplar və Data Əsaslı Siyası Qərarvermə” məqalədə iqlim dəyişikliyinin həssas qruplara göstərdiyi qeyri-bərabər təsirdən bəhs olunub. Müəllif bu təsirlərin aradan qaldırılması üçün sübuta əsaslanan və məlumat yönümlü siyasi yanaşmalarının zəruriliyini ön plana çəkib.

Jurnalda ADA Universitetinin Rektoru, Səfir Hafiz Paşayevin müəllifi olduğu “Bir Səfirin Manifesti” kitabının təhlili yer alıb.

İnkişaf və Diplomatiya İnstitutunun Siyasi Araşdırmalar, Təhlil və Nəşrlər üzrə direktoru Damjan Miskoviç kitab haqqında fikirlərini bölüşüb. O, müstəqil Azərbaycanın ABŞ-də ilk səfiri olmuş Rektor Hafiz Paşayevin Azərbaycan–ABŞ münasibətlərinin əvvəlki və indiki vəziyyəti barədə fikirlərinin icmalını təqdim edib.

Jurnalın tam versiyasını oxumaq və yükləmək üçün bakudialogues.ada.edu.az saytına daxil ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti