Budapeşt. Trend:
Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olacaq.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Budapeştdə jurnalistlərə Macarıstanın Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun aparıcı elmi işçisi, iqtisadçı-ekspert, professor Laşlo Vasa bildirib.
“Xəzər dənizinin dibi ilə, əsasən, "yaşıl" enerji ilə işləyən elektrik stansiyalarından elektrik enerjisinin ötürülməsinə imkan verəcək sualtı kabelin çəkilməsi planlaşdırılır. Bu layihə təkcə Macarıstan və Mərkəzi Avropanın deyil, bütövlükdə Avropa qitəsinin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək”, – deyə o bildirib.
L.Vasa qeyd edib ki, enerji sahəsində Azərbaycan Ukraynada müharibənin başlanmasından sonra Avropanın Rusiya enerji resurslarından asılılığını azaltmaq qərarı çərçivəsində Macarıstan üçün əsas alternativ qaz tədarükçüsünə çevrilib.
Onun sözlərinə görə, iki ölkə arasındakı tərəfdaşlıq ənənəvi qaz və karbohidrogen ixracı modelindən kənara çıxır. Hazırda Azərbaycan tərəfindən Mərkəzi Avropaya “yaşıl” elektrik enerjisinin tədarükünü nəzərdə tutan, həqiqətən də, innovativ bir layihə həyata keçirilir.
“Bu, miqyasına və əhəmiyyətinə görə unikal bir təşəbbüsdür və bu təşəbbüsə yalnız Azərbaycan və Gürcüstan deyil, həmçinin, formalaşmaqda olan enerji sisteminə qoşulmaqda maraqlı olan Özbəkistan və Qazaxıstan kimi ölkələr də cəlb olunub”, – deyə o yekunlaşdırıb.