Bakı. Trend:
İranın böyük sənaye zavodlarının öz ehtiyaclarını təmin etmək məqsədilə Azərbaycan və Türkiyədən elektirk idxal etməsinə lisenziya verilib.
Trend-in məlumatına görə, bunu İranın TAVANIR şirkətinin icra direktorunun müavini Məhəmməd Allahdad yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu addım ölkədə elektrik şəbəkəsinə təzyiqin azaldılması və davamlı enerji təminatı məqsədilə atılıb.
Allahdad deyib ki, İranın böyük sənaye zavodları anlaşma əsasında ölkənin elektrik mübadilə imkanlarından istifadə edərək, iki ölkədən elektrik idxal edə bilərlər. Bu vasitə ilə elektrik enerjisini təmin edən zavodlar idxal etdiyi elektrik həcmində ölkədə elektrikin idarə olunması proqramlarında güzəştə sahib olacaqlar.
Şirkət rəsmisi bildirib ki, texniki baxımdan qeyd olunan ölkələrdən elektrik idxalı üçün hər hansı problem yoxdur. İran və Türkiyə arasında 500 meqavatlıq elektrik mübadilə xətti mövcuddur.
Qeyd edək ki, son vaxtlar İranda ciddi şəkildə elektrik çatışmazlığı yaranıb. Elektrik çatışmazlığının azaldılması məqsədilə müxtəlif obyektlərə və zavodlara elektrik fasilələrlə verilir.