...

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlandı

Siyasət Materials 20 May 2025 19:28 (UTC +04:00)
Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 20-də davam etdirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.

Dövlət ittihamını müdafiə edən prokurorlar etiraza münasibət bildirərək təqsirləndirilən Ruben Vardanyanın cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan hüquqlarının ibtidai istintaq və məhkəmə icraatı zamanı təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini qeyd edərək etirazın baxılmamış saxlanılmasını xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

Sədrlik edən hakim Zeynal Ağayev qərarı əsaslandıran zaman bildirib ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib.

Ardınca zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin məhkəmədə ifadələri dinlənilib.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası mayın 27-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti