Bakı. Trend:
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) ölkədə dərman vasitələrinin və tibbi vasitələrin ekspertiza və qeydiyyat proseslərini həyata keçirən əsas qurumdur.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Bioloji Fəallığa Malik Qida Əlavələri şöbəsinin eksperti Gülnar İmayılova Sağlam radio”nun “Sağlam səhər” verilişində səsləndirib.
Onun sözlərinə görə, Mərkəzin fəaliyyət istiqamətləri yalnız bununla məhdudlaşmır:
“AEM təkcə dərmanların keyfiyyətinə nəzarət edən struktur deyil, eyni zamanda tibbi məqsədlə istifadə olunan bütün məhsulların – dərman vasitələrinin, tibbi vasitələrin və bioloji fəallığa malik qida əlavələrinin –statusunu müəyyən edən yeganə ekspertiza orqanıdır. Yəni, hansısa məhsulun hansı kateqoriyaya aid olması yalnız AEM tərəfindən aparılan ekspertiza nəticəsində dəqiqləşdirilir.”
Ekspert qeyd edib ki, dərman və tibbi vasitələr üzrə səlahiyyətlər Mərkəzin əsas funksional istiqamətlərindəndir:
“Dərmanın nə olduğunu, hansı maddələrin dərman təsiri göstərdiyini, hansı məhsulun tibbi vasitə kimi qiymətləndirilə biləcəyini hüquqi və elmi baxımdan müəyyən edən məhz Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidir. Bioloji fəallığa malik qida əlavələri isə dərman vasitəsi olmasalar da, strateji əhəmiyyətə malik məhsullar sırasına daxildir. Çünki bəzi hallarda BAQM-ların tərkibindəki maddələr və onların təsir iddiaları dərman vasitələrinə bənzəyə bilər. Məhz buna görə bu məhsulların təhlükəsizliyi, istifadə məqsədi, doza göstəriciləri və tərkibinin normativ sənədlərə uyğunluğu xüsusi diqqətlə qiymətləndirilməlidir. BAQM statusu almaq istəyən istənilən istehsalçı, idxalçı və ya fiziki şəxs ilk növbədə Analitik Ekspertiza Mərkəzinə müraciət etməli və ekspertizadan keçməlidir.”
G. İmayılova bildirib ki, dərmanın nə olduğunu, hansı məhsulun dərman təsiri yaratdığını, hansının isə qida əlavəsi kateqoriyasına aid olduğunu müəyyən edə bilən yeganə qurum məhz AEM-dir və Bu səbəbdən BAQM-ların dərman vasitəsi sayılıb-sayılmaması da Mərkəzin səlahiyyətinə daxildir:
“Nəzərinizə çatdırım ki, bioloji fəallığa malik qida əlavələri müalicəvi təsir göstərmir və dərman vasitəsi hesab olunmur. BAQM — qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş, qidalandırıcı və fizioloji təsirə malik nutriyentlərdən və digər bioloji aktiv maddələrdən ibarət olan məhsuldur. Bu məhsullar kapsul, tablet, ampul, damcı və digər dozalanmış formada istehsal olunur və gündəlik qəbul dozası normativ qaydada müəyyən edilir. Məqsədi xəstəliyi müalicə etmək deyil, qida qəbulunu tamamlamaq və orqanizmin normal fizioloji funksiyalarını dəstəkləməkdir”.
