Bakı. Trend:
Vaxtilə bələdiyyələr cəmiyyətdə “torpaq satan təşkilat” kimi tanınırdı. Mən düşünürəm ki, bu anlayış artıq bizim leksikonumuzdan çıxmalıdır. Lakin son illərdə, xüsusilə 2018-ci ildən sonra qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə əlaqədar bir neçə ildən sonra bələdiyyələrin “qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır.
Trend xəbər verir ki, bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.
H.Hüseynovun sözlərinə görə, qəbiristanlıqlar bələdiyyələrə təhvil verilib, lakin bəzi regionlarda qəbir yerləri müxtəlif qiymətlərlə təqdim olunur. Bəzi hallarda rüsum tətbiq edilir:
“Məsələn, Binəqədi rayonunda 61 manat məbləğində rüsumun tətbiq edilir. Sual yaranır: bu rüsum hansı əsasla müəyyən edilib? Qanunvericiliyə görə, bu məsələlər qiymətləndirmə komitələri və müvafiq orqanlar tərəfindən tənzimlənməlidir”.
Sədr vurğulayıb ki, bələdiyyələr vətəndaşlara xidmət prinsipi əsasında fəaliyyət göstərməlidir və qəbiristanlıq yerləri ilə bağlı ödənişlərin tətbiqi, ümumiyyətlə, məqsədəuyğun deyil:
“Bu torpaq sahələrinin vətəndaşlara ödənişsiz təqdim edilməsi daha doğru olardı. Doğrudur, qanunvericilikdə sosial vəziyyəti ağır olan şəxslər üçün dəfn xərclərinə dəstək göstərilməsi nəzərdə tutulur. Lakin mən düşünürəm ki, torpaq sahəsinin verilməsi də ödənişsiz həyata keçirilməlidir ki, gələcəkdə bələdiyyələr yenidən “torpaq satan qurum” kimi formalaşmış mənfi imiclə üzləşməsin”.
