Bakı.Trend:
Bakı Metropolitenində NFC və QR əsaslı ödəniş sistemlərinin tətbiqində düzgün istifadəsi diqqət tələb edir.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, rəqəmsal texnologiyalardan istifadə imkanları genişlənsə də, bəzi hallarda istifadəçilərin bu sistemləri düzgün tətbiq etməməsi müəyyən problemlərə yol aça bilir.
“Əvvəllər internet və rəqəmsal həllər geniş yayılmasa da, hazırda bu imkanlar mövcuddur və texnologiyadan düzgün istifadə olunmadıqda bu, ümumi sərnişin axınına təsir göstərə bilər.
Bununla belə, hazırda metropolitendə bu amilin sərnişin hərəkətinə ciddi təsiri müşahidə olunmur. Artıq NFC, QR kod və QR bilet sistemləri ölkədə müxtəlif sahələrdə, xüsusilə də alış-veriş proseslərində geniş tətbiq olunur və əhali bu texnologiyalara böyük ölçüdə öyrəşib. Bu səbəbdən metropolitendə də ciddi çətinliklər qeydə alınmır”.
B.Məmmədov əlavə edib ki, sərnişinlərin NFC funksiyalarını turniket qarşısında aktivləşdirməyə çalışması bəzi hallarda ləngimələrə səbəb ola bilər.
