Bakı. Trend:
Bələdiyyələrlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi arasında əməkdaşlıq daha da yaxşılaşdırılmalıdır. Bu sahədə müəyyən hüquqi məsələlər hələ də həllini tapmayıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Regional məsələlər komitəsinin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili vurğulayıb ki, hazırda bələdiyyə torpaqlarına qiymət müəyyən edilir. Lakin bəzi hallarda torpağın qiyməti həmin hüquqi şəxs tərəfindən beş dəfə artıq göstərilir.
“Yerdə çoxsaylı sənədlər aylarla həll olunmadan qalır və nəticədə vətəndaş torpağı ala bilmir. Məsələn, vətəndaşın 7 sot torpağı olur, illər sonra ölçmə aparılır və məlum olur ki, bunun 2 sotu müsadirə olunmuş torpaq kimi qiymətləndirilir. Bunu 500–600 manat dəyərində qiymətləndirirlər, lakin publik hüquqi şəxs tərəfindən bu qiymət bir neçə dəfə artıq müəyyən olunur.
Reyestr orqanları da haqlıdırlar, çünki onlar dövlət büdcəsinə vəsaitin daxil olmasında maraqlıdırlar. Ancaq bəzi hallarda vətəndaşın bu məbləği ödəmək imkanı olmur. Qiymətləndirmə həddindən artıq yüksək olduğuna görə sənədlər qalır, etirazlar yaranır və proses ləngiyir.
Qarşılıqlı anlaşma şəraitində bu məsələ də həllini tapa bilər. Bu isə öz növbəsində bələdiyyələrin büdcəsinə xeyli vəsaitin cəlb olunmasına kömək edər”, - deyə deputat qeyd edib.
