Bakı. Trend:
Son zamanlar qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı təsdiq olunmuş qaydaların icrasında müəyyən çətinliklər var.
Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov Regional məsələlər komitəsinin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, qaydaların bir çox müddəaları onların qüvvəyə minməsindən əvvəl mövcud olan qəbiristanlıqlara şamil edilmir, yalnız yeni salınan qəbiristanlıqlara şamil olunur:
“Amma bəzi mövcud qəbiristanlıqlar bələdiyyələrə təhvil verilib. Nə əsasla, hansı məntiqlə bunu edirlər? Bu gün heç bilinmir ki, bu və ya digər qəbiristanlıq hansı qurum tərəfindən idarə olunur. Bələdiyyələr üçün əlavə yükdür, maliyyə tələb edir. Ya hamısı təhvil verilməlidir, ya da ümumiyyətlə verilməməlidir. Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı müəyyən araşdırma apara bilər”.
