"Birinci oyuna qədər "Qarabağ" haqqında daha çox məlumat əldə etməyə çalışacağıq". Bu barədə Kişinyovun "Zimbru" komandasının baş məşqçisi İvan Tabanov UEFA Kubokunun ağdamlılara qarşı iki raundlu görüşü ərəfəsində bəyan edib.
Trend in Moldova klubunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, məşqçi bildirib ki, UEFA-nın Nondakı qərargahında keçirilmiş püşkatmanın nəticələrini normal qəbul edib. "Lakin qeyd etməliyəm ki, biz Azərbaycan futbolu haqqında çox şey bilmirik. Güman edirəm ki, "Qarabağ" ciddi rəqib ola bilər, həm də komanda Ölkə kubokunu qazana bilib", - deyə İ.Tabanov qeyd edib.
Xatırladaq ki, yarışın ilk raundu çərçivəsində ilk oyun iyulun 13-də Kişinyovda, cavab oyunu isə iyulun 27-də "Şəfa" stadionunda olacaq.