İyulun 12-də bir qrup hüquq müdafiəçisi Qobustan qapalı həbsxanasında monitorinq aparıb. Bu barədə Trend ə hüquq müdafiəçiləri məlumat veriblər.
Monitorinqdə hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Sahib Məmmədov, Səadət Bənənyarlı və Çingiz Qənizadə, Ədliyyə Nazirliyindən isə idarə rəisi Azər Cəfərov, nazirliyin insan haqları şöbəsinin rəhbəri Faiq Qurbanov, nəzarət müfəttişliyinin əməkdaşı Faiq Dadaşov iştirak ediblər.
Ç.Qənizadə bildirib ki, onların monitorinqi 7 saat davam edib.
Səadət Bənənyarlı qeyd edib ki, hüquq müdafiəçilərinə bəzi məhbusların həbsxanada aclıq aksiyası keçirməsi barədə məlumat verilmiş, onlarla görüş keçirmələri üçün müraciət olunmuşdu: "Biz bu müraciətdən sonra Qobustan həbsxanasına baş çəkdik. Məhbuslar bizə aclıq keçirən 26 nəfər məhbusun siyahısını verdilər. Biz onların 6-sı ilə görüşdük, hər biri ilə təxminən bir saat danışdıq, onların irad və tələblərini dinlədik. Həmin məhbuslara güllələnmə cəzası almış, lakin sonradan 1998-ci ildə barələrindəki bu qərar dəyişdirilərək ömürlük həbs cəzası verilmiş məhbuslardır. İndi onlar tələb edirlər ki, üzərlərindən ömürlük həbs cəzası götürülməli və müəyyən müddətlə əvəz olunmalıdır. Biz isə onları başa saldıq ki, bunun üçün hüquq mütəxəssisləri tərəfindən qanuni baza yaratmalı, məhkəmə instansiyalarına kassasiya şikayəti verilməlidir. Biz hüquq müdafiəçiləri və Ədliyyə Nazirliyinin nümayəndələri bu hüquqi proseduraları onlara başa saldıq və müraciət etdik ki, aclığı dayandırsınlar". Səadət Bənənyarlının sözlərinə gör
ə, məhbusların əksəriyyəti onlarla razılaşıb. Hüquq müdafiəçilərinin qənaətinə görə, məhbuslar bu tövsiyələrə qulaq asaraq aclığı dayandıracaqlar.
S.Bənənyarlı həmçinin deyib ki, məhbusların başqa bir iradı məhkəmə qətnaməsinin gec verilməsi ilə bağlıdır. Bu problemin təcridxana ilə əlaqədar olmadığı da məhbuslara izah edilib. Məhbusların digər bir etirazı onlara verilən çörəklə bağlı olub, lakin hüquq müdafiəçiləri bildiriblər ki, bu irad da əsaslı deyil.
Novella Cəfəroğlunun sözlərinə görə, hüquq müdafiəçiləri məhbusların saxlanma şəraiti ilə də tanış olublar, oranın xəstəxanasına baş çəkiblər. Onun sözlərinə görə, xəstəxana təmir olunub, orada cərrahiyə şöbəsi, diş həkimi kabineti yaradılıb: "Həbsxanada bir neçə kameranı da gəzdik, məhbusların gəzinti yerləri ilə tanış olduq. Ümumi şərait normaldır. Amma məhbusların əsas tələbləri ösmürlük həbs cəzası qərarının dəyişdirilməsidir. Orada elə fakta rast gəldik ki, məsələn, bilməyərəkdən adam öldürən şəxsə ömürlük iş kəsilib. Həmçinin qəsdən bir neçə adam öldürüb özündən razı qalanlar da var idi. Biz bildirdik ki, ömürlük həbs 15 illik cəza ilə əvəzlənməli, məhkəmə instansiyalarında onların işinə yenidən baxılmalıdır. Həmçinin Ədliyyə Nazirliyinin nümayəndələri də bildirdilər ki, məhbusların kassasiya ərizələri verməsinə kömək edəcəklər. Ümumilikdə həbsxanada görüşümüzün nəticələri yaxın günlərdə bilinəcək".