Oktyabrın 20-də Hacı Məmmədovun məhkəməsində Dəri-Gön Kombinatının direktorunu oğurlamaq məqsədilə izləyənlər dindirilib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Mehman Həsənova qarşı irəli sürülmüş ittihamlara görə, o, Dəri Gön Açıq Tipli Səhmdar Cəmiyyətinin direktoru "Yura" ləqəbli Yanuxon İliyevi izləyib. Belə ki, plana əsasən, Mehman Həsənov Yuranı bir neçə gün izləyib onun gündəlik marşrutunu dəqiqləşdirəndən sonra bu barədə dəstə başçısına məlumat verməliymiş. Sonrakı plana görə iş adamı oğurlanmalı imiş. Lakin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovun göstərişinə əsasən Hacı Məmmədov Yuranı oğurlamaq planını ləğv edib.
M.Həsənov həmçinin qanunsuz narkotik vasitə və silah sursat saxlamaqda təqsirləndlirilir. O, məhkəmə ifadəsində ittihamları qismən qəbul etdiyini bildirib.
Sonra digər təqsirləndirilən şəxs Novruz Nuriyev dindirilib. N.Nuriyev Bakı şəhər sakini Rəna Nəsibovanı qəilə yetirməkdə, qanunsuz narkotik vasitə və silah sursat saxlamaqda təqsirli bilinir.
N.Nuriyev ibtidai istintaq zamanı qətli törətdiyini etiraf etsə də, məhkəmədə bunu inkar edib. O, məhkəmənin nəzərinə çatdırıb ki, R.Nəsibova ilə tanışlıq elanı vasitəsiylə tanış olub. Bir müddət dostluq etdikdən sonra Rəna işə düzəltmək üçün ondan 1200 ABŞ dolları alıb. Bir neçə gün sonra isə eşidib ki, Rənanı öldürüblər.
Məhkəmə iclası davam edir.