...

Çernobıl əlilləri prezidentə müraciət edəcəklər

Cəmiyyət Materials 21 Aprel 2007 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /müx. "TrendLife" F.Sadıxov/ Aprelin 26-da Çernobıl AES-də baş verən qəzanın 21 ili tamam olacaq. On minlərlə insan itkisi, ətraf aləmin flora və faunasının məhvi, qonşu ölkələrin iqliminin dəyişməsi ilə nəticələnən bu olayın fəsadları bu gün də özünü göstərir.

Qeyd edək ki. həmin qəzanın qarşısının alınması prosesində 7 mindən çox azərbaycanlı da iştirak edib. İndiyədək onların 3 minə yaxını dünyasını dəyişib. Hazırda sağ qalanlar isə orta yaşlı insanlardır. Ən dəhşətli hal odur ki, bu gün Çernobıl əlillərinin yeni dünyaya gələn övladları fiziki qüsurlarla doğulurlar.

"Çernobıl əlilləri" İttifaqının sədri Mirhəsən Həsənov bildirib ki, 1993-cü ildə Çernobıl əlillərinin sosial müdafiəsi ilə bağlı qərar qəbul edilsə də, onların bu sahədə müəyyən problemləri var. "Bəzi məmurlar Çernobıl əlilləri ilə bağlı qanunvericilik aktlarına əməl etmirlər" - deyə Həsənov bildirib. Onun sözlərinə görə, Çernobıl əlillərinin mənzil problemi tam həll olunmadığından məsələ ilə bağlı ölkə prezidentinə yenidən müraciət edəcəklər. Həsənov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onların təklifləri əsasında tədbirlər planı hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Hazırda həmin sənədə Nazirlər Kabinetində baxılır.

Qeyd edək ki, "Çernobıl əlilləri" İttifaqının üzvü olduğu Beynəlxalq Çernobıl Əlillər İttifaqının növbəti toplantılarından biri Azərbaycanda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti