Azərbaycan, Bakı, 16 may /müx. "TrendLife" Vüqar Vüqarlı/
Artıq on ildir ki, o, Türkiyədə həm işləyir, həm də yaşayır. Açığını söyləyim ki, heç də peşiman deyil. O, Türkiyə şou-biznesində ən tanınmış modellərdən biri, bundan öncə türk şou-biznesində üç modeldən ibarət "Adrenalin" qupunun solistidir. O, qadınların yeni imicinin əsl təmsilçisidir. Belə ki, əvvəl sərbəst yaşamağı öyrənir, sonra isə ailə, uşaq barədə fikirləşir. Azərbaycanda Nigar Talıbova bəlkə də çox adama tanış deyil, Türkiyə model biznesində isə uzun müddətdir "Brend" kimi reklam olunur.
- Necə oldu ki, sən Türkiyəyə getdin?
- Sadəcə özümə olan inam məni vadar etdi ki, potensialımı həyatda reallaşdırım.
- Bəs sonra?
- Hər halda çıxıb getməyimə peşiman deyiləm.
- Qayıtmaq istəmirsən?
- Açıq söyləyim ki, yox. Mən görürəm ki, heç bir dəyişiklik yoxdur.10 il bundan əvvəl necə idisə, indi də elədir. Əmək çox aşağı səviyyədə qiymətləndirilir. Orta əmək haqqı necə aşağı səviyyədə idisə, indi də elədir. Təqaüdlərdən isə danışmaq belə mümkün deyil.
- Əlbəttə, sənin nəyinə lazımdır səhnəyə çıxıb 50 və yaxud 100 dollar alasan. Bir halda ki, Türkiyədə 10-12 dəfə çox ala bilərsən...
- Tək bu deyil. Orada başqa bir işdə işləsən, burada aldığından çox alacaqsan.
- Əgər hər şey belə pisdirsə, bura gəlməyin nə mənası?
- Bir həftəlik olar.( gülür)
- Sənin Türkiyədə ümumiyyətlə problemin yoxdur? Məsələn, əks tərəfdən sənə sataşmırlar?
- Bu sənin özünü aparmağından asılıdır. Əgər kimləsə oynayırsansa, kiməsə özünü görsədirsənsə, nazlanırsansa, sözsüz ki, seksual münasibətlərdən qaça bilməyəcəksən. Əgər sənin üçün birinci yerdə işdirsə, onda belə şeylər olmayacaq.
- Səncə nə üçün Azərbaycan və Türkiyə modelləri arasında həm maddi, həm də mənəvi fərq bu qədər böyükdür?
- Çünki Türkiyədə model biznesi Azərbaycana nisbətən çox yüksək səviyyədə inkişaf edib. O ki qaldı mənəvi tərəfə... Azərbaycanda modelə əxlaqsız kimi baxırlar.
- Sənin sözünə qüvvət, bizim modellər özlərini o səviyyəyə qoyurlar ki, "pulu qaqaşlar" tapsınlar.
- Mən onları günahlandırmıram. Əgər qız zəhmətinə görə günə 50 dollar alırsa, nə üçün bu pulu saata qazanmasın. Günahı isə iqtisadi vəziyyətdə görürəm. Məsələn, toya gedəndə elə pul atırsan ki, toy sahibi heç olmasa stol pulunu çıxarda bilsin. Bununla belə, bu məbləğ əhalinin yarı maaşıdır. Bəs onlar necə yaşasınlar? Mən bu ölkədə necə yaşayım?
- Sənin dediyin kimi, əgər bizdə hər şey pisdirsə, Türkiyədə hər şey əladırsa, nə üçün 32 yaşlı xanım indiyə qədər ailəsiz, uşaqsızdır?
- Ona görə ki, Azərbaycanda olduğu kimi, Türkiyədə də normal kişidən uşaq dünyaya gətirmək çətindir. Hələ mən ailədən danışmıram. Həm də mənim hələ qabaqda daha üç ilim var. Axı normal həyat keçirən qadınlar ailə həyatına 35 yaşında qədəm qoyurlar.
- Onda bu artıq "yuva" yox, "Azıx mağarası" olacaq!
- Ona görə də mənim aləmimdə ərə getmək məqsəd deyil. Uşağı isə ərsiz də dünyaya gətirmək olar. Əsas odur ki, o insanı tapasan ki, həmin adamdan uşaq dünyaya gətirəsən.(gülür)