Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafoya İnstitutunun İşçi qrupu Qubada aşkarlanan kütləvi insan məzarlığında tədqiqatların ikinci mərhələsinə başlayıb. Trend in bölgə müxbirinin sözlərinə görə, İşçi qrup bir ay müddətində məzarlıqda tədqiqat işləri aparacaq. Ərazi daha geniş şəkildə qazılacaq, insan sümükləri müayinə ediləcək, daha sonra ekspertizaya göndəriləcək. İnstitutun direktoru Maisə Rəhimova bildirib ki, tədqiqatların aparılması üçün dövlət büdcəsindən ayrılan 93 min manat vəsait azlıq təşkil edəcək. Onun sözlərinə görə, tədqiqatların aparılması üçün daha 26 min manatın ayrılması üçün Nazirlər Kabinətinə müraciət edilib.
Quba rayon icra başçısının müavini Yusif Abidov bildirib ki, tədqiqatlar yekunlaşandan sonra ərazidə muzeyin tikintisi məsələsinə baxılacaq. Belə olan halda əraziyə yaxın yaşayış evləri köçürüləcək.
Quba şəhər stadionunun tikintisi zamanı aprelin 5-də kütləvi insan məzarlığı aşkarlanıb. İlkin tədqiqatlar zamanı faciənin 1918-ci ildə ermənilər tərəfindən törədildiyi müəyyənləşdirilib.
Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.