Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbinə əsasən, Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsində fərdi məlumatlar - barmaqların izi, səsin parametrləri və gözün tor qişaları əksini tapacaq. Hazırda AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) mütəxəssisləri Daxili İşlər, Ədliyyə və Milli Təhlükəsizlik nazirliklərinin xüsusi tapşırığını yerinə yetirir. Onlar xarici həmkarları ilə birgə Azərbaycan vətəndaşlarının biometrik identifikasiya (eyniləşdirmə) sisteminin elektron resursunun yaradılması üzərində iş aparırlar.
Biometrik məlumat artıq dünyanın 110 ölkəsində mövcuddur. Mütəxəssislərin fikrincə, bu cür sistem sərhədlərin təhlükəsizliyinə nəzarət etməyə, qeyri-leqal miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmağa imkan verir.