Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir M.Əliyev/
AFFA Hakimlər Komitəsinin sədri hakimlərin Antalyadakı təlim-məşq toplanışının proqrama uyğun davam etdirildiyini deyib.
"Təlim-məşq toplanışında normativin nəticəsinə əsasən, hakimlərimizin yaxşı formada olduğu müəyyənləşdi. Şəraitin yaxşı olması hakimlərin təlim-məşq toplanışının yüksək səviyyədə aparılmasına kömək edir", - bunu şənbə günü Trend-ə Antalyada olan AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Məmmədovun sözlərinə görə, çempionatın son mərhələsi gərgin keçəcəyindən, xüsusilə, hakimlərin fiziki hazırlığı üzərində işlənilir.
"Fiziki hazırlıq qaydasında olanda hakim epizodlara daha yaxın olmağı bacarır və təbii olaraq daha az səhvə yol verir", - Məmmədov əlavə edib.
Məmmədov əsas məqsədlərinin oyunlarda idarəçilik zamanı əsasən gənc hakimlərə üstünlük vermək olduğunu deyib.
"Hazırda gənclər nisbətən çox oyun idarə ediblər. Toplanış zamanı idarə etdikləri ilk oyunla indiki arasında böyük fərq var. Klub məşqçiləri də onlardan razılıq edirlər", - Məmmədov əlavə edib.
Qeyd edək ki, Türkiyənin Antalya şəhərində yanvarın 17-dən hazırlıq prosesinə başlayan Azərbaycanın futbol üzrə hakimləri gün ərzində 4-5 oyunu idarə edir.
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov daha öncə Trend-ə bildirib ki, 39 hakimin qatıldığı təlim-məşq toplanışı yanvarın 30-da başa çatacaq. Bu müddət ərzində hakimlərimizin 50-dən artıq oyunu idarə edəcəyi gözlənilir.