Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Avropa gənclərinin FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-də könüllü kimi iştirak etmək imkanları daha da artıb. Belə ki, Dünya Çempionatının Yerli Təşkilat Komitəsi (YTK) aylarla davam edən danışıqlar və hüquqi proseslərin reallaşdırılması nəticəsində Avropa Komissiyasının Gənclər Fəaliyyətdə Proqramı tərəfindən rəsmi olaraq akkreditasiya alıb.
Trend-in bazar ertəsi AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, 2006-ci ildə Avropa Parlamenti tərəfindən təsdiq olunmuş 2007-2013-cü illəri əhatə edən Gənclər Fəaliyyətdə proqramının əsas prioritet istiqamətləri Avropa vətəndaşlığı, gənclərin iştirakçılığı və mədəni müxtəliflikdir. Gənclərə geniş imkanlar yaradan proqramın fəaliyyət sahələrindən biri və mühümü olan Avropa Könüllülük Xidməti vasitəsilə ölkələrarası beynəlxalq könüllülük layihələri reallaşdırmaq mümkündür.
Bu istiqamətdə əldə edilmiş akkreditasiya FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin könüllülər komandasının daha da rəngarəng, beynəlxalq və peşəkar olması üçün Avropanın müxtəlif ölkələrindən 60-a qədər gəncin cəlb edilməsi hüququ verib. 60 gəncin cəlb edilməsi birbaşa olaraq mədəniyyətlərarası dialoqu, yerli könüllülərin beynəlxalq təcrübədən yararlanması imkanlarını və gənclərarası inteqrasiyanı daha da inkişaf etdirəcək.
Əldə edilmiş akkreditasiya 2012-ci ildən Avropa Komissiyasının başladığı və Şərq Tərəfdaşlığı ölkələrinə daha geniş və birbaşa dəstək verən "Şərq Tərəfdaşlığının Gənclər Pəncərəsi" proqramında fəaliyyət göstərmək imkanını da yaradıb Və bunun sayəsində YTK və AFFA üçün FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012 başda olmaqla, gələcək illərdə xarici gənclərə Azərbaycanda, azərbaycanlı gənclərə isə xarici ölkələrdə beynəlxalq layihələrdə yaxından iştirak fürsəti yaradıb.