Azərbaycan, Bakı, 21 mart /Trend/
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Lüksemburqda mətbuat konfransı keçirilib. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
"Hazırlıq artıq sona çatdı. Bu gün son məşqimiz olacaq. Məşq prosesindən çox razı qaldım. Çətin məşqlərə baxmayaraq, futbolçular böyük həvəslə çalışıblar. Lakin həmişə demişəm ki, məşqlə oyun fərqlidir. Futbolçular özlərini oyunda göstərməlidirlər. Lüksemburq millisinin hansı nəticələr əldə etdiyini, Portuqaliya yığmasına necə çətin anlar yaşatdığını, digər oyunlarda yaxşı təsir bağışladığını bilirik. Sabah kim daha az səhv etsə, o da qalib gələcək", - baş məşqçi qeyd edib.
Foqts bildirib ki, Lüksemburq yığmasının gənc baş məşqçisi var. Portuqaliya millisinə uduzduqları oyunda heç-heçə etməli idilər. İsrail yığmasına qarşı isə pis oynayıblar.
"Hər şeyi təhlil etmişik. Rəqibin zəif tərəflərini deməyəcəm, çünki bundan istifadə etmək istəyirik. Lüksemburq yığmasında hücumçuları fərqləndirərdim", - millimizin baş məşqçisi deyib.
Berti Foqts Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməyi də unutmayıb.