Azərbaycan, Bakı, 26 iyul /Trend/
"Xəzər Lənkəran" klubunda bundan sonra da nizam-intizam qaydalarını pozan, ustalıq səviyyəsi bizi qane etməyən futbolçular komandadan dərhal göndəriləcək. Trend-in məlumatına görə, bunu klubun baş məşqçisi Con Bencamin Toşak klubun rəsmi saytına "Makkabi"(Hayfa) ilə biabırçı məğlubiyyəti (0:8) şərh edərkən deyib.
Toşakın sözlərinə görə, təbii ki, nəticəyə görə məsuliyyəti həmişə baş məşqçi daşıyır: "Dunən oyunsonrası mətbuat konfransında da bunu bir daha söylədim. Matçdan dərhal sonra klub rəhbərliyinə istefa vermək istədiyimi bildirdim. Qərarımda da qəti idim. Amma rəhbərlik məndən işimdə qalmağı və tez-tez məşqçi dəyişiliklərinə səbəb olan bəzi futbolçuları "Xəzər Lənkəran"dan təmizləməyimi istədilər. Dünya futbolunda özümə görə nüfuzu olan məşqçiyəm. Karyeram boyu bir çox tanınmış futbolçular tabeçiliyim altında gözəl oyunu ilə yanaşı,ulduz olaraq özlərini də, məni də məşhur ediblər, adımızı dünyaya tanıdıblar. Bir çox titullar, nailiyyətlər qazanmışam. Birdən birə necə oldu ki, pis məşqçiyə çevrildim?! İndi burada görürəm ki, əksinə "Xəzər Lənkəran"lı futbolçulardan bəziləri baş məşqçiləri qovmaq planı üzrə peşəkarlaşıblar. Ona görə də belələri bizimlə qalmayacaq".
Baş məşqçi bildirib ki, legioner futbolçu yerli oyunçulara da örnək olmalıdır: "Onlar gəlib burada həm yaxşı pul qazanır, krallar kimi bahalı otellərdə qalır, amma oyuna gəldikdə istəniləni vermirlər. Bununla yanaşı belələri aşağı yaş qrupunda çıxış edən potensiallı futbolçuların da qarşısını alır. Heyətdə bir neçə lənkəranlı futbolçu var ki, mənə görə onlar "Makkabi" ilə matçda meydanda olsa idilər bir çox əcnəbi futbolçulardan heç də pis təsir bağışlamazdılar, bəlkə də daha əzmkar mübarizə aparacaqdılar. Bu gün heyətdən uzaqlaşdırdığımız futbolçulara qərarımı söyləyəndə onlar bunu çox rahatlıqla qarşıladılar. Hətta onlar haqqında verilən qərarın səbəbini belə soruşmadılar. Sanki heç veclərinə də deyil. Bu belə olmaz. Lənkərana gələn hər bir futbolçu böyük bir camiəyə, xüsusi bir ailəyə gəldiyinin fərqində olmalıdır. Burada müəyyən qədər günahın çoxu da məndədir. Futbolçularıma qarşı həmişə xoş rəftar bəslədim. Amma bir çoxları mənim onlara olan münasibətimdən sui-istifadə etdi . Artıq hər şey fərqli olacaq".