...

Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi keçirilir

İdman Materials 28 Aprel 2014 11:24 (UTC +04:00)
Bakıda Beynəxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) Bakıda 77-ci konqresi keçirilir.
Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi keçirilir

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi keçirilir.

Trend xəbər verir ki, konqresin açılışında çıxış edən AİPS-in prezidenti Canni Merlo belə bir tədbirin təşkil edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib.

Onun sözlərinə görə, ölkə həyatında belə tədbirlərin keçirilməsi önəmli hadisədir.

C.Merlo bildirib ki, Bakı gündən-günə gözəlləşir və inkişaf edir. Onun fikrincə, burada keçiriləcək I Avropa Oyunları əlamətdar və yaddaqalan olacaq.

Sonra Bakıdakı konqresə şəxsən qatıla bilməyən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın konqres iştirakçılarına videomüraciəti nümayiş etdirilib. Bakıya gələ bilmədiyindən təəssüfləndiyini deyən T.Bax AİPS-in konqresinin bu şəhərdə keçirilməsini önəmli hadisə adlandırıb. Onun fikrincə, bu konqres qəbul edilən qərarları ilə məhsuldar olacaq.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov isə bütün qonaqları salamlayaraq onlara Azərbaycana təşrif buyurduqlarına görə təşəkkürünü bildirib. O, AİPS-in 90-cı yubiley ilində keçirilən bu konqresin əlamətdar olduğunu deyib və iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, mayın 1-dək Bakıda keçiriləcək AİPS-in 77-ci konqresində iştirak etmək üçün 110 ölkədən 250-dən çox nümayəndə və müşahidəçi qeydiyyatdan keçib.

Konqres çərçivəsində, həmçinin AİPS Avropanın hesabat-seçki konfransı, eləcə də digər qitələrdən olan qurumların iclasları, həmçinin AİPS komissiyalarının toplantısı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti