...

"Bakı 2015" Avropa Oyunlarının açılış mərasimi üçün bədii direktor təyin edib (FOTO)

İdman Materials 3 Oktyabr 2014 13:00 (UTC +04:00)
"Bakı 2015" Avropa Oyunları bu gün Dimitris Papaioannounu açılış mərasiminin bədii direktoru təyin etdiyini və açılış və bağlanış mərasimlərinin təşkili üçün ABŞ-ın "FiveCurrents" şirkəti ilə müqavilə bağladığını bəyan edir.
"Bakı 2015" Avropa Oyunlarının açılış mərasimi üçün bədii direktor təyin edib (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

"Bakı 2015" Avropa Oyunları bu gün Dimitris Papaioannounu açılış mərasiminin bədii direktoru təyin etdiyini və açılış və bağlanış mərasimlərinin təşkili üçün ABŞ-ın "FiveCurrents" şirkəti ilə müqavilə bağladığını bəyan edir.

BAOƏK-dən Trend-ə verilən məlumata görə, Afina 2004 Olimpiya Oyunları mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf, aktyor və yaradıcı baxışa sahib olan cənab Papaioannou bu möhtəşəm tamaşa işi üçün çox münasib hesab olunur.

Bakı 2015-in açılış mərasimi Azərbaycan mədəniyyətini təqdim edəcək və təşkilatçı şəhərin müasir Avropada rolunu əks etdirərək yarışan idmançılara şərəf verəcəkdir.

Cənab Papaioannou Afina 2004 Olimpiya Oyunlarındakı işindən sonra Yunanıstanın Prezidenti tərəfindən görkəmli yaradıcılıq nailiyyətlərinə görə Qızıl Xaç Şərəf Ordeninə layiq görülmüşdür.

Həmin vaxtdan o, bütün dünya üzrə həyata keçirilən və yüz minlərlə tamaşaçını birləşdirən bir sıra təməlqoyma mərasimlərinin yaradıcı müəllifi olmuşdur.

Cənab Papaioannou demişdir: "Bakı 2015-in Açılış Mərasiminin təşkili üçün təyin olunmağım mənim üçün həm şərəfdir, həm də həlli çətin, lakin maraqlı vəzifədir. Mənim arzum Azərbaycanın mədəni irsinə xas olan əsas elementlərdən istifadə edərək müasir, yeni və oynaq, lakin mədəniyyətin zənginliyinə və dərinliyinə hər zaman hörməti əks etdirən yolla bir ümumbəşəri hekayə yaratmaqdır".

Cənab Skot Givens və cənab Mark Ponçer tərəfindən idarə olunan qabaqcıl şirkət "FiveCurrents" açılış və bağlanış mərasimlərinin təşkili üçün təyin edilmişdir.

FiveCurrents Soçi 2014 Qış Olimpiya Oyunlarının mərasimlərini, Rio 2007 və Quadalacara 2011 Pan Amerika Oyunlarının mərasimlərini, Sinko de Mayonun 15-ci ildönümünü və Rio de Janeyroda Reveillon Kopakabana Yeni il Şənliyini həyata keçirmişdir.

FiveCurrents şirkətinin prezidenti və icraçı prodüsseri cənab Givens demişdir: "Bakı 2015 Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimlərinin təşkilinin bizə tapşırılması bizim üçün şərəfdir və bu bizi son dərəcə sevindirir. Bakını dünya səhnəsində nümayiş etdirmək və unudulmaz idman və bəşəriyyət bayramını həyata keçirmək üçün biz Dimitris Papaioannou kimi yaradıcı istedada malik biri ilə işləməyi səbirsizliklə gözləyirik".

Bakı 2015-in baş icraçı direktoru və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov demişdir: "Bakı 2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimləri Bakını və Azərbaycanı
dünyaya nümayiş etdirmək üçün gözəl imkandır. Mən əminəm ki, möhtəşəm idman tədbirlərinin Azərbaycanın fəxr edə biləcəyi səviyyədə keçirilməsi üçün mövcud komandamız bizə kömək edəcək".

Həmçinin, bu gün Bakı 2015 açılış və bağlanış mərasimlərində iştirak etmək üçün 6000 könüllü ifaçıya rolların verilməsini nəzərdə tutan könüllü proqramına ərizə qəbulunu elan edir.

Seçimlər noyabrda başlayacaq və Bakı 2015-in Mərasimlər komandası yaradıcılıq həvəsi olan, təşəbbüskar, enerjili və öz ölkəsini dünyaya təqdim etmək istəyənləri işə cəlb edəcək.

Bakı 2015-in mərasimlər üzrə direktoru xanım Katerin Uqvu demişdir: "Biz Dimitrisi və FiveCurrent komandasını Bakıda salamlamaqdan çox məmnunuq. Dimitrisin bədii təxəyyülü ilə FiveCurrent-ın təcrübəsi açılış mərasiminin unikal və unudulmaz olmasını təmin edəcək.

6000 könüllü ifaçı Azərbaycanda indiyə qədər keçirilmiş ən böyük canlı tamaşanın iştirakçısına çevrilməklə yadda qalan təəssüratlardan zövq alacaqlar".

Açılış mərasimi 12 iyun, cümə günü yenicə tikilmiş Milli Stadionda, 68000 tamaşaçı və dünya üzrə milyonlarla televiziya izləyicisi qarşısında keçiriləcək.

Mərasimlərin könüllü ifaçısı olmaq üçün müraciət etmək istəyənlər http://www.baku2015.com/az/join-us/apply-now ünvanına daxil olaraq ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün yaş həddi 18-dən yuxarıdır.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti