...

"Bakı 2015" Avropa Oyunlarının dağ velosipedi üzrə sınaq yarışında isveçrəli və ukraynalı idmançılar qələbə qazandılar (FOTO)

İdman Materials 20 Oktyabr 2014 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

İsveçrəli idmançı Martin Fanqer və ukraynalı idmançı Yana Belomoynanın qələbə qazanması ilə "Bakı 2015" Avropa Oyunlarının dağ belosipedi idman növü üzrə keçirilmiş sınaq yarışı böyük uğur qazandı.

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, kişi velosipedçilər arasında keçirilmiş yarışda 26 yaşlı M.Fanqer 1 saat, 37 dəqiqə, 52 saniyə göstərici ilə önə keçərək qızıl medal qazanıb. Onun həmyerlisi Mark Ştuzmann və yunanıstanlı Dimitrios Antoniadis isə müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

21 yaşlı Y.Belomoyna küləkli hava şəraitində güclü performans göstərərək 1 saat, 24 dəqiqə, 46 saniyə ilə finişi 1-ci keçib. Sonrakı iki yeri isveçrəli idmançılar Katrin Stirnemann və Linda İnderqand tutub.

Kişi velosipedçilərin yarışında dünyanın 35-ci ən yaxşı dağ velosipedi idmançısı olan M.Fanqer yarışa favorit idmançı kimi başlayıb və yarışdan sonra deyib: "Yol yaxşıdır. Bəzi texniki hissələr və yaxşı enişlər var, ancaq külək bəzən problemlər yaradırdı. Qum və çınqılla getmək elə də asan deyildi - bəzi künclər çox texnikidir".

O, sınaq yarışını yüksək qiymətləndirib: "Təşkilatçılıq yüksək səviyyədədir. Sınaq yarışlarının bu cür keçirilməsi vacibdir və bu sınaq yarışı mənim yadımda uzun müddət qalacaq".

Dünyanın 22-ci ən yaxşı dağ velosipedi idmançısı olan Y.Belomoyna qələbəsinin ardınca bu sözləri deyib: "Yol və təşkilatçılıq yüksək səviyyədədir, ancaq küləkli hava bəzi problemlər yaratdı. Bununla belə, özümü yaxşı hiss edirəm və düşünürəm ki, bu sınaq yarışı 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlaşmaq üçün məndə stimul yaradacaq".

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru Pirs O`Kallahan bildirib: "Dağ velosipedi üzrə keçirilmiş sınaq yarışı gələn il baş tutacaq birinci Avropa Oyunlarına mükəmməl şəkildə hazırlaşmaq üçün çox gözəl yarış oldu. Sözügedən yarış burada bugünədək keçirilmiş ilk beynəlxalq dağ velosipedi sınaq yarışı və ölkədə yalnız ikinci dağ velosipedi sınaq yarışı olduğundan böyük uğur hesab edilir. Biz gələn il baş tutacaq Oyunlardan qabaq yolu yenidən nəzərdən keçirib təkmilləşdirəcəyik ki, idmançılar öz imkanlarını göstərə bilsinlər. İlk üç yeri qazanmış idmançıları təbrik edir və onları gələn il bir daha burada salamlamağa ümid edirik".

Avropa Velosiped İdmanı Birliyinin dağ velosipedi üzrə texniki nümayəndəsi Tieri Merikal deyib: "İdmançılar üçün yeni və çətin şərtlərin mövcud olduğu məkanda keçirilən Bakı hazırlıqları sınaq tədbiri mükəmməl yarış idi. Hər iki yarış kifayət qədər əyləncəli idi və biz tədbirin hərtərəfli və professional təşkilindən çox razı qaldıq".

Bakı 2015-də velosiped idmanın hər 3 bölməsi üzrə Rio-2016 Olimpiya Oyunları üçün reytinq xalları veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti