...

Elman Rüstəmov: Şəhriyarın xarakteri daha çox irəliləməyə imkan verir (FOTO)

İdman Materials 23 Sentyabr 2015 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

"Şəhriyarın xarakteri daha çox irəliləməyə imkan verir". Trend-in məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavabında deyib.

Federasiya rəhbəri 1/4 finalda mübarizəni davam etdirən Şəhriyar Məmmədyarovun çıxışı barədə danışıb: "Mütəmadi olaraq Dünya Kubokunda nəticələrlə bağlı məlumat alıram. Bu gün 1/4 finala gəlməkdə əsas məqsəd şahmatçımız Şəhriyar Məmmədyarova dəstək olmaq idi. Partiyadan əvvəl onunla görüşərək uğurlar arzuladım. Bildirdim ki, biz ona inanırıq. Çox istərdik ki, uğurlu çıxışını davam etdirsin. Dünya Kubokunda yaxşı nəticə qazanmaq çox çətindir. Yarışda ən güclü şahmatçılar iştirak edir. Hər bir iştirakçı qələbə qazanmaq istəyir. Bu mənada hər bir şahmatçı üçün çətindir".

1/4 finalda Azərbaycan şahmatçısı Ş.Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinə qarşı mübarizə aparır. Federasiya rəhbəri şahmatçımızdan bu görüşdə də uğur gözlədiyini bildirdi: "Şəhriyarın xarakterini bilirik, ona görə də şahmatçımızdan daha böyük uğurlar gözləyirik. Şəhriyarın xarakteri onun daha çox irəliləməsinə imkan verir. Şahmatda proqnoz vermək çətindir, amma biz ona inanırıq. Dünya Kubokunda çox yaxşı oyun sərgiləyir. Fabiano Karuana kimi güclü şahmatçıya qalib gəldi. 1/4 finaldakı rəqibi çox güclü olsa belə, Məmmədyarovun potensialı ondan yaxşı nəticə gözləməyə imkan verir".

E.Rüstəmov bütün iştirakçıların və qonaqların təşkilatçılıqdan razı qalmasına da münasibət bildirdi: "Azərbaycan hər zaman yüksək təşkilatçılıqla seçilib. Ölkəmiz daha böyük yarışlarda da təcrübəsini göstərib. Sözsüz ki, qonaqların və iştirakçıların Dünya Kubokunun təşkilatçılığından razı qalması bizi sevindirir. Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsi bütün işləri yüksək səviyyədə görüb. Gələn il Bakı Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Mötəbər yarşın ən yüksək səviyyədə keçiriləcəyinə inanırıq".

Qeyd edək ki, bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinə start verilib. Turnirdə mübarizəni davam etdirən yeganə şahmatçımız Ş.Məmmədyarov Rusiya təmsilçisi S.Karyakinə qarşı mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti