...

Velosipedçimiz "Tour d’Azerbaïdjan 2016"-nın 2-ci mərhələsinin qalibidir (FOTO)

İdman Materials 5 May 2016 16:48 (UTC +04:00)
O, paytaxt Bakıdan İsmayıllıyadək olan 186,5 km məsafəni hamıdan tez qət edib.
Velosipedçimiz "Tour d’Azerbaïdjan 2016"-nın 2-ci mərhələsinin qalibidir (FOTO)

Bakı. Trend:

Azərbaycanın Elit yığmasının və "Synergy Baku Cycling Project" kontinental komandasının üzvü, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d'Azerbaïdjan-2016" veloyürüşünün 2-ci mərhələsinin qalibi olub. O, paytaxt Bakıdan İsmayıllıyadək olan 186,5 km məsafəni hamıdan tez qət edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, marşrutu 4 saat, 29 dəqiqə, 45 saniyəyə başa vuran M.Averin bununla da finişi onunla eyni vaxtda keçən 6 nəfərlik qrupda hamını qabaqlayıb. 2-ci yerə Avstryianın "Felbermayr" klubunun üzvü, ötən mövsümü "Synergy Baku"nun heyətində keçirən Markus Eybeger layiq görülüb. İlk 3-lüyü İsveçrənin "Roth" pro-kontinental komandasının üzvü Alberto Çeçin tamamlayıb.

"Tour d’Azerbaïdjan"da ilk gün: "Bora-Argon 18"-dən 4 fəxri kürsü (FOTO)

"Tour d’Azerbaïdjan"da ilk gün: "Bora-Argon 18"-dən 4 fəxri kürsü (FOTO)

"Synergy Baku"nun digər üzvlərinə gəlincə, Matey Müqerli 9-cu, Matiya Kvasina 13-cü, Kiril Pozdnyakov isə 16-cı olub. Bu nəticə "Synergy Baku"ya komanda hesabında 1-ci yerə yüksəlməyə imkan verib. Hazırda təmsilçimiz ən yaxın izləyicisi olan Avstriyanın "Felbermayr" klubunu 1 dəqiqə, 1 saniyə qabaqlayır. Ümumi təsnifatda M.Averin 4-cüdür.

2 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini İsrailin "Cycling Academy Team" klubunun üzvü Giliom Buavin ələ keçirib. O, həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR köynəyinə yiyələnib. İtaliyanın "Unieuro Wilier" komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli "AZAL" köynəyinə, Rusiyanın pro-kontinental "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "AtaHolding" köynəyinə sahib çıxıb.

Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov təqdim ediblər.

Sabah keçiriləcək 3-cü mərhələdə iştirakçılar saat 10:30-da Qəbələ şəhər İcra Hakimiyyətinin qarşısından start götürməklə Oğuz və Şəki rayonlarının ərazisindən keçəcəklər və 177,2 km məsafə qət etdikdən sonra bağlanğıc nöqtədə də mərhələni başa vuracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti