...

"Synergy Baku" "Tour d’Azerbaïdjan-2016"nın qalibidir (FOTO)

İdman Materials 8 May 2016 16:10 (UTC +04:00)
Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016" veloyürüşü Azərbaycanın "Synergy Baku" kontinental komandasının çempionluğu ilə yadda qalıb.
"Synergy Baku" "Tour d’Azerbaïdjan-2016"nın qalibidir (FOTO)

Bakı. Trend:

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d'Azerbaïdjan-2016" veloyürüşü Azərbaycanın "Synergy Baku" kontinental komandasının çempionluğu ilə yadda qalıb. Velosipedçilərimiz ümumi komanda hesabında bütün rəqiblərini qabaqlamaqla, ötən il olduğu kimi, bu dəfə də azarkeşlərə çempionluq sevinci yaşadıblar.

Trend-ə Azərbaycan Velosiped İdman Federasiyasından verilən məlumata görə, start və finiş nöqtəsi "Azadlıq Meydanı"nda olan, paytaxt küçələri ilə keçirilən və 158 km-dən ibarət sonuncu, 5-ci mərhələ öncəsi Avstriyanın "Felbermayr - Simplon Wels" klubuna 1 dəqiqə, 21 saniyə uduzan "Synergy Baku"nun əla komanda işi yekunda öz nəticəsini verib. Velosipedçilərimiz nəinki geriliyi aradan qaldırıblar, hətta yekunda "Felbermayr - Simplon Wels"i 7 dəqiqə, 14 saniyə qabaqlamağı da bacarıblar.

Fərdi nəticələrə gəlincə, marşrutu 3 saat, 41 dəqiqə, 46 saniyəyə başa vuran Almaniyanın pro-kontinental "Bora-Argon 18" klubunun üzvü Mikael Şvarzman finişi birinci keçib. İsveçrənin pro-kontinental "Roth" komandasının nümayəndəsi Alberto Çeççin 2-ci, Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun velosipedçisi Daniel Şorn isə 3-cü yeri tutub.

"Synergy Baku"nun üzvlərinə gəlincə, mərhələ qalibi ilə eyni vaxt göstəricisinə malik Maksim Averin finişi 4-cü, Matey Müqerli 8-ci, Yannis Tamuridis isə 9-cu keçib. 5 mərhələnin yekununa əsasən, ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun üzvü Markus Eybeger qazanıb. Bu siyahıda "Synergy Baku" üzvlərindən Matiya Kvasina 8-ci, Maksim Averin 13-cü, Kiril Pozdnyakov 14-cü, Matey Müqerli isə 17-ci yeri tutub.

Ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR köynəyinə Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun üzvü Daniel Şorn yiyələnib. Rusiyanın pro-kontinental "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyinə sahib çıxıb. Yaponiyanın " Bridgestone" klubunun üzvü Tomas Lebas ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli "AZAL"köynəyini qazanıb. Ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutulan AzVİF köynəyini isə yığma komandamızın üzvü, Azərbaycanı Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin qazanıb.

Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov təqdim ediblər.

Qeyd edək ki, "Synergy Baku" "Tour d'Azerbaïdjan-2016" veloyürüşündə Elçin Əsədov, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Yannis Tamuridis və Kiril Pozdnyakovdan ibarət heyətlə mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti