Bakı. Trend:
Azərbaycan Premyer Liqasında III turun oyunlarına start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə “Zirə” AZAL-ı qəbul edib.
Oyunun 39-cu dəqiqəsində Gerhard Proqni zirəliləri önə keçirib. 45-ci dəqiqədə Elvin Məmmədov penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı artırıb.
67-ci dəqiqədə David Canelidze fərqi azaldıb. Lakin əsas vaxta 5 dəqiqə qalmış G.Proqni dubl edərək yekun nəticəni müəyyənləşdirib - 3:1.
Beləliklə, 3 oyundan 6 xal toplayan "Zirə" birinci pilləyə yüksəlib. 2 oyundan 4 xal qazanan "İnter" və "Qarabağ" isə 2-3-cü yerləri bölüşür.
Bu gün saat 21:00-da "İnter" "Kəpəz"lə qarşılaşacaq.
Qeyd edək ki, III tura avqustun 21-də "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq. "Qəbələ" - "Sumqayıt" görüşü isə "Qəbələ"nin Avropa Liqasındakı oyununa görə təxirə salınıb.