...

Biz bu qələbəyə can atırdıq və bizdə hər şey alındı! - Avropa çempionu olan azərbaycanlı gimnastlar (FOTO)

İdman Materials 22 May 2023 16:57 (UTC +04:00)
Biz bu qələbəyə can atırdıq və bizdə hər şey alındı! - Avropa çempionu olan azərbaycanlı gimnastlar (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının son günü Azərbaycanın böyüklərdən ibarət komandası üç lent və iki topla proqramda qızıl medal qazanıb.

Trend bu barədə bazar ertəsi xəbər verir.

Bundan bir gün əvvəl komanda çoxnövçülük üzrə bürünc medal qazanıb. Qrup hərəkətlərində Azərbaycan komandasının tərkibinə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina daxil olub.

Qrup hərəkətləri üzrə komanda üzvləri KİV nümayəndələri ilə söhbət zamanı Avropa çempionatında qızıl medala doğru yolun asan olmadığını, lakin gərgin məşqlərin və hədəfə çatmaqla bağlı böyük istəyin öz nəticəsini verdiyini vurğulayıblar.

"Çox şadıq ki, qızıl medal qazana bildik, biz çalışdıq, çox çalışdıq. Məşqçilərimizə, xoreoqraflarımıza, bizə dəstək göstərən hər kəsə minnətdarlığımızı bildiririk. Emosiyalar o qədər çoxdur ki, bu hissləri sözlə ifadə etmək mümkün deyil. Əlbəttə ki, doğma Gimnastika Arenasında çıxış etmək böyük məsuliyyətdir, biz bütün tamaşaçı zalının dəstəyini hiss edirdik. Şübhəsiz heç nə asan alınmır, bəzən uğur əldə etmək üçün çətinliklərdən keçmək lazımdır. Biz medal qazanmaq üçün çox çalışdıq, məşqçilərlə hər bir xırdalığı, hər bir detalı işləyirdik. Bu qələbəyə can atırdıq və bizdə hər şey alındı!", - komandanın üzvü Ləman Əlimuradova deyib.

Komanda üç lentlə və iki topla hərəkətlər kvalifikasiyasında lider mövqe qazanıb. Gimnastların qeyd ediblər ki, onlar finalda daha böyük məsuliyyət hiss ediblər.

"Kvalifikasiyada ən yüksək balı alanda anladıq ki, finalda medal qazana bilərik. Bu bizim üzərimizə daha böyük məsuliyyət qoydu. Bizdə hər şey alındı, Avropa çempionatında qızıl medal qazandıq", - deyə Zeynəb Hümmətova qeyd edib.

Gimnastların sözlərinə görə, onları bu yolda dəstəkləyən hər kəsə minnətdardırlar.

"Biz öz qələbəmizi Azərbaycana həsr edirik! Azərbaycan Gimnastika Federasiyasına, məşqçilərimizə, valideynlərimizə, bizi dəstəkləyən hər kəsə böyük minnətdarlığımızı bildiririk. Biz bu dəstəyi hiss edirdik, o bizə əminlik və güc verirdi", - deyə Güllü Ağalarzadə əlavə edib.

Gimnastlar vurğulayıblar ki, qarşıda onları böyük iş gözləyir, dünya çempionatında Olimpiya oyunlarına lisenziya qazanmaq lazımdır.

"Göstəriciləri qaldırmağa davam etməyə çalışacağıq, axı biz hələ olimpiya medalını qazanmamışıq. Ümid edirik, bizdə hər şey alınacaq", - komanda üzvləri deyiblər.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Hazırda Avropa çempionatında Azərbaycan yığmasının aktivində beş medal var. İki bürünc medalı çoxnövçülük və beş topla hərəkət proqramında qrup hərəkətlərində Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası qazanıb. Həmçinin Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası üç lentlə və iki topla hərəkətlərdə qızıl medal, çoxnövçülük üzrə bürünc medal qazanıb. Azərbaycanlı gimnast Zöhrə Ağamirova isə topla hərəkət proqramında bürünc medal qazanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti