Bakı. Trend:
Aprelin 3-də UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyası təşkilatın mənzil qərargahında öz işinə başlayıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, iclasın açılış hissəsində Komitənin
2019-2023-cü illər üzrə sədri qismində Azərbaycanın gənclər və
idman naziri Fərid Qayıbov çıxış edib, Çilinin idman nazirinin bu
vəzifəyə seçilməsi münasibətilə təbrik edərək Komitənin son dörd il
ərzindəki fəaliyyəti barədə məlumat verib.
Azərbaycanın UNESCO-nun idman gündəliyinə xüsusi töhfələr verdiyini
bildirən nazir Qayıbov ötən ilin 26-29 iyun tarixlərində Bakıda 110
ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən MİNEPS VII
konfransının uğuru haqqında danışıb, eyni zamanda “Fit for Life”
təşəbbüsü çərçivəsində Azərbaycanda həyata keçirilən layihələrdən
bəhs edib.
İclasda iştirak edən Baş direktorun Sosial və Humanitar elmlər üzrə müavini Qabriela Ramos, Komitənin yeni sədri, Çilinin idman naziri Xayme Pizarro və bir sıra digər üzv ölkələr Azərbaycana uğurlu sədrliyə, MİNEPS VII konfransının yüksək təşkilinə görə təşəkkür ediblər.
Nazir Fərid Qayıbov Parisə səfəri çərçivəsində həmçinin UNESCO Baş direktorunun Sosial və Humanitar elmlər üzrə müavini Qabriela Ramosla görüş keçirib. Görüşdə ölkəmizin UNESCO-dakı səfiri Elman Abdullayev də iştirak edib.