...

Gürcüstan yığmasından rekordlar

İdman Materials 27 İyun 2024 11:25 (UTC +04:00)

Bakı. Trend:

AVRO-2024-ün Gürcüstan – Portuqaliya matçı statistik məqamlarla zəngin olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, İFFHS bu görüşdə qeydə alınan rekord və seriyaları tərtib edib.

Gürcüstan millisi 28 faiz topa sahib olsa da, 2:0 hesablı qələbə qazanıb. Bu, yarışın tarixində qalib gələn tərəflər üçün ən aşağı göstəricidir.

Roberto Martinesin Portuqaliya millisinin baş məşqçisi kimi 12 rəsmi oyundan ibarət qələbə seriyası qırılıb.

Gürcüstan debüt ilində qrupdan çıxan 8-ci komandadır. Portuqaliya 1984, İsveç 1992, Xorvatiya 1996, Uels, İslandiya, Şimali İrlandiya və Slovakiya 2016-cı ildə buna nail olub.

Kriştiano Ronaldo final mərhələlərində 50 oyun keçirən ilk avropalıdır. O, Avropa çempionatlarında 28, mundiallarda 22 dəfə meydana çıxıb.

Kriştiano Ronaldo ilk dəfə final mərhələsinin qrupunda qol vurmayıb. O, əvvəlki 10 turnirin hamısında fərqlənib.

Start fitindən 1 dəqiqə 32 saniyədən sonra qol vuran Xviça Kvaratsxeliya turnirin tarixində 5-ci ən erkən qola imza atıb.

Bu, Portuqaliyanın final mərhələlərində buraxdığı ikinci ən erkən qoldur. DÇ-1966-da KXDR 50-ci saniyədə onların qapısına yol tapıb.

Georgi Mamardaşvili qrupda 21 seyv edərək latviyalı Aleksandr Kolinkonun AVRO-2004-dəki rekordunu təkrarlayıb.

Xəbər lenti

Xəbər lenti