...

Düşünmürəm ki, ”Neftçi” bu oyunda da məğlub olsa, Qriqorçuk gedəcək - Aslan Kərimov

İdman Materials 20 Sentyabr 2024 16:00 (UTC +04:00)
Düşünmürəm ki, ”Neftçi” bu oyunda da məğlub olsa, Qriqorçuk gedəcək - Aslan Kərimov

Bakı. Trend:

“Neftçi”nin son dönəmdə xal qazana bilməməsi motivasiya olaraq onlara mənfi təsir edib. Bundan sonra oynayacaqları bütün matçlarda xal götürmək məcburiyyətindədirlər.

Trend xəbər verir ki, bunu İdman.biz-ə “Qarabağ” və Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

Mütəxəssis Misli Premyer Liqasının VII turunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçı haqqında gözləntilərindən danışıb. O bildirib ki, “Neftçi”nin bu matçda xal qazanmaq şansı var: “Bəlkə “Neftçi”nin üstünlüyü o ola bilər ki, “Qarabağ” bir neçə gündən sonra Avropa Liqasında “Tottenhem”lə oynayacaq. Bu görüşdə əsas futbolçular tam olaraq 90 dəqiqə oynamaya bilərlər. Onların rotasiyaya getmək imkanları var. Bu, “Neftçi” üçün əlverişli şərait yarada bilər. Amma ağdamlıların istənilən heyəti bakılılar üçün çətinlik yarada bilər. “Ağ-qaralar”ı çox ağır bir oyun gözləyir. Roman Qriqorçukun komandası bu matçda tam öndə oynamayacaq. İkinci nömrə oynamağa çalışacaq. Cinahlarda bəlkə Lebon və ya Ramilin sayəsində əks-hücumlarda öz xoşbəxtliklərini axtarsınlar. Amma son zamanlar “Neftçi”nin göstərdiyi performans o qədər də ürəkaçan deyil. Top itkiləri çoxdur. Dayaq yarımmüdafiəçi zonasında tam olaraq müdafiəçilərin önündə həddindən artıq top itkisi yaşanır. Bundan əvvəlki oyunlarda da belə epizodları gördük. “Qarabağ” elə komandadır ki, onlara qarşı hücumların təşkili zamanı top itirsələr, Qurban Qurbanovun heyətindəki təcrübəli oyunçular “Neftçi”ni cəzalandıra bilər. Düşünürəm ki, bu matçda “Neftçi” “Qarabağ”dan xal ala, heç-heçə edə bilər. Çünki “Qarabağ”ın qarşıda “Tottenhem”lə matçı var”.

Kərimov Qara Qarayevin komandadan göndərilməsinin “Neftçi”nin oyununa təsirsiz ötüşməyəcəyini bildirib: “Neftçi”nin oyunçuları meydanın mərkəzində topu ələ keçirərkən həddən artıq top itkilərinə yol verirlər. Qara əslində orda olsaydı, “Neftçi” bu qədər səhv etməzdi. Komandanın oyunlarında bu qədər təkbətək epizod yaranmazdı. Bu, mənim subyektiv fikrimdi. Qarayevin orda olmaması, onun təcrübəsi və oyun anlayışından məhrum olması “Neftçi” üçün itkidir”.

Veteran futbolçunun sözlərinə görə, oyunun nəticəsi nə olursa, olsun, bu, “ağ-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun postunu tərk etməsinə səbəb olmayacaq: “Düşünmürəm ki,”Neftçi” bu oyunda da məğlub olsa, Qriqorçuk gedəcək. Məncə, qış fasiləsinə qədər onun vaxtı var. Əsas da qış fasiləsinə qədər olan nəticələr vacib olacaq. “Qarabağ”la oyun məşqçinin komandadan gedib-getməməsi ilə bağlı bir göstərici olmamalıdır. Çünki bu rəqibə qarşı oyunda “Neftçi”də kim məşqçi olsa, çətin olacaq. Onlar taktiki, texniki və maddi tərəfdən də rəqiblərindən geri qalırlar. Burda Ağdam klubuna məğlub olmaları bir məşqçinin pis və ya düz işləməməsinin göstəricisi deyil. Amma digər oyunlar təsir edəcək. “Neftçi” bu qarşılaşmada uduzarsa, Qruqorçukun istefaya göndəriləcəyinə inanmıram”.

Qeyd edək ki, “Qarabağ” - “Neftçi” matçı bu gün saat 20:00-da “Azərsun Arena”da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti