Bakı. Trend:
Avropa Liqasının Liqa mərhələsinin I turunun statistik göstəriciləri açıqlanıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, 36 iştirakçı klubun ilk oyundakı müxtəlif göstəriciləri bəlli olub.
İngiltərədə “Tottenhem”ə 0:3 hesabı ilə uduzan Azərbaycan çempionu “Qarabağ” bəzi məqamlarda ön sıralarda yer alıb.
Qurban Qurbanovun komandası ofsayda düşmək sayında I turun rekorduna şərik olub. “Qarabağ” Londonda 6 dəfə oyundan kənar vəziyyətə düşüb. Yalnız “Olimpiakos”la “Roma” eyni göstəriciyə malikdir.
Hücum futboluna üstünlük verən “Qarabağ” ofsayda düşdüyü kimi künc zərbələrində də ön pillələrdədir. Ağdam klubu səfərdə 9 korner yerinə yetirib. “Qalatasaray” və “Porto”da da eyni rəqəm qeydə alınıb. Yalnız üç komanda – “Mançester Yunayted”, “Midtulland” və “Atletik” təmsilçimizi qabaqlayır – hərəyə 10 dəfə.
Qeyd edək ki, yeni formatda keçirilən Liqa mərhələsi 8 turdan ibarət olacaq.