Bakı. Trend:
İngiltərə çempionatının 13-cü turunda "Liverpul" doğma "Enfild" stadionunda "Mançester Siti"ni 2:0 hesabı ilə məğlub edib.
Trend xəbər verir ki, qarşılaşmada qolları 12-ci dəqiqədə Kodi Qakpo və 78-ci dəqiqədə Məhəmməd Salah vurub.
Bu qələbə ilə "Liverpul" bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını 16 matça çatdırıb. Arne Slotun rəhbərlik etdiyi komanda bu oyunlardan 15-də qələbə qazanıb, yalnız bir dəfə heç-heçə edib.
Əksinə, "Mançester Siti" uğursuzluq seriyasını davam etdirir. Komanda ardıcıl 7 oyunda qələbə qazana bilməyib, bunlardan 6-sında məğlub olub və yalnız bir oyunda bərabərə qalıb. Premyer Liqada isə bu, ardıcıl 4-cü məğlubiyyət oldu.
Hazırda turnir cədvəlinə 34 xalla "Liverpul" başçılıq edir, "Mançester Siti" isə 23 xalla 5-ci pillədə qərarlaşıb.