...

Lənkəranın 15 kəndində içməli su təchizatı sistemi yenilənib (FOTO)

İqtisadiyyat Materials 25 Dekabr 2017 18:41 (UTC +04:00)
Lənkəranın 15 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
Lənkəranın 15 kəndində içməli su təchizatı sistemi yenilənib (FOTO)

Bakı. Trend:

Lənkəranın 15 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə rayonun Xolmili kəndində keçirilən açılış mərasimində “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, eləcə də 300-dən artıq kənddə layihələrin icra edildiyini, insanların keyfiyyətli və dayanıqlı su ilə təmin olunduğunu bildirib. Qeyd olunub ki, Xanbulançay sutəmizləyici qurğusunun və magistral su xətlərinin çəkilməsi şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də su təchizatı baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov Prezident İlham Əliyevin tapşırıqlarına əsasən regionlarda həyata keçirilən iqtisadi və sosial layihələrin əhəmiyyətindən danışıb, bu tədbirlərin Azərbaycan vətəndaşının firavan həyatının təmin olunmasına xidmət etdiyini bildirib.

Qeyd edək ki, Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Lənkəran rayonunda icra olunan layihələr 15 yaşayış məntəqəsini – Gərmətük qəsəbəsi, Kosalar, Xolmili, Şürük, Türkəkəran, Bala Şürük, Seydəkəran, Yuxarı Nüvədi, Şıxəkəran, Moğonojoba, Tütəpeştə, Darquba, Lüvəsər, Kərgəlan kəndlərini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Xanbulançay sutəmizləyici qurğusu seçilib. Bu məqsədlə Xanbulançay-Lənkəran magistral su kəmərindən kəndlərə çıxışlar verilib. Kəndlərdə müxtəlif diametrli polietilen borularla 35 km olan su xətləri çəkilib, ümumi istifadə üçün 131 ədəd bulaq quraşdırılıb. Ümumilikdə yeni su təchizatı layihələrindən Lənkəran rayonunun 15 kəndinin 28 minədək sakini faydalanıb.

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti