...

Azərbaycanda qorunan yaşıllıqların siyahısı müəyyən olunub

İqtisadiyyat Materials 24 Yanvar 2018 16:32 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)” təsdiq edilib.

Trend-in məlumatına görə, qaydaya əsasən, yaşıllıqların müfəssəl siyahısı yaşıllıqların uçotu və monitorinq məlumatları əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilir və bu siyahıda dəyişikliklər həmin Nazirlik tərəfindən aparılır.

Bu qayda meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində olan, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə) şamil olunmur.

Mədəni abidələr sayılan yaşıllıqlar - landşaft arxitektura abidələri və bağ-park incəsənəti (bağlar, parklar, xiyabanlar, bulvarlar) sahələri “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna və bu Qaydaya uyğun tənzimlənir.

Siyahıya yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, respublika ərazisində təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkiləri, onların əkin materialları (toxumlar, şitillər, tinglər) daxil edilir.

Siyahı tərtib edilərkən yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri (o cümlədən yaşı), növləri, ərazisi və onlar barədə digər əlaqəli məlumatlar toplanılır. Yaşıllıqların yaşı kol, gül-çiçək və ot bitkilərinin birillik və çoxillik olmaqla qruplara ayrılması, onların nə zaman salınmasının öyrənilməsi və ya illik həlqələrinin sayılması yolu ilə müəyyən edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr ilə birlikdə yaşıllıqların monitorinqinin nəticələri əsasında yaşıllıqların növlərini müəyyən edir, onların yerləşdiyi ərazilərdə torpaqların münbitliyinin artırılmasının, lazımi rütubət mühitinin yaradılmasının, su və külək eroziyasından qorunmasının təmin edilməsinin mövcud vəziyyətini öyrənir, bu sahədə zəruri tədbirlərin görülməsi üçün operativ iş planı və tövsiyələr hazırlayır, yaşıllıqlar barədə materialların nəşrini təmin edir.

Yaşıllıqların təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqların növləri aşağıdakılardır:

- ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);

- məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar);

- xüsusi təyinatlı yaşıllıqlar:

- sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında olan yaşıllıqlar;

- infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tinglər (şitillər), küçə yaşıllıqları;

- mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda olan yaşıllıqlar;

- xatirə kompleksləri (xiyabanlar), qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar.

Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri olan dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər yaşıllıqlardan istifadəni aşağıdakı qaydada həyata keçirirlər:

- yaşıllıq ərazilərində təsərrüfat, şəhərsalma, tikinti və digər fəaliyyətlər zamanı yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin tələblərinə, yaşıllıqların mühafizəsi tədbirlərinə əməl edilməsi, mütəmadi olaraq tullantıların yığışdırılmasının təmin edilməsi;

- yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalara riayət etməklə xəstəlik və zərərvericilərin təsiri nəticəsində, habelə kimyəvi maddələr və digər tullantılarla ciddi zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan yaşıllıqların qanunvericiliyin tələblərinə uyğun olaraq götürülməsinin həyata keçirilməsi;

- yaşıllıq ərazilərinin ekoloji, sağlamlaşdırılma, turizm və rekreasiya məqsədləri ilə istifadəsinə neqativ təsir göstərən təsərrüfat fəaliyyətinin aparılmaması.

Yaşıllıqlardan istifadə zamanı istifadəçilər onları zədələməməli və məhv etməməli, o cümlədən onların zədələnməsinə və məhv edilməsinə səbəb ola biləcək aşağıdakı fəaliyyətlərə yol verməməlidirlər:

- yaşıllıq ərazilərinin tikintisi və abadlaşdırılması ilə əlaqədar olan hallar istisna olmaqla, həmin ərazilərdə material və konstruksiyaların anbarlanması;

- yaşıllıqların istehsalat və məişət tullantıları ilə çirkləndirilməsi;

- yaşıllıqların zədələnməməsi üçün müvafiq tədbirlər görülmədən binaların üstündən qar və buzların yaşıllıq ərazilərinə kürünməsi;

- yarpaq tökümü zamanı xəzəlin ağacların gövdə ətrafına və kolların, çəmənliyin üzərinə toplanaraq yandırılması;

- buzlaşmaya qarşı duz və digər kimyəvi preparatlardan istifadə olunması;

- kimyəvi maddələrin çəmənlərin, ağac və kolların diblərinə və üzərilərinə atılması;

- çəmənliklərin ayaqlanaraq zədələnməsi;

- ev heyvanlarının gəzintisi zamanı yaşıllıqların zədələnməsi;

- yanğın təhlükəsizliyi tələblərinin pozulması (pirotexniki əşyaların, ocaq və manqalların yandırılması və s.);

- zədələyərək ağaclardan gövdə suyu və qətranın əldə edilməsi;

- yaşıllıq ərazilərinin bellənməsi, şumlanması və çiçəklərin dərilməsi;

- yaşıllıq ərazilərində avtomobil və digər mexaniki nəqliyyat vasitələrinin hərəkət etməsi və onların dayanacağının təşkil olunması.

Şəhər və digər yaşayış məntəqələrinin yaşıllıq ərazilərində və ya bilavasitə həmsərhəd ərazilərdə aparılan tikinti fəaliyyəti (tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyət) zamanı aşağıdakılara riayət olunmalıdır:

- bitkilərin tikinti sahələrindən ən azı 2 metr hündürlüyündə qoruyucu lövhələrlə əhatə olunmasına (lövhələr bitkilərin gövdələrindən 0,5 metrdən yaxın olmamalıdır);

- daş döşəmə və asfaltlama işləri zamanı hər bitkinin ətrafında diametri 1 (bir) metrdən az olmayan açıq torpaq səthinin saxlanılması.

Böyüdükdə iri gövdə və çətirlər alan ağaclar şəhər və digər yaşayış məntəqələrində bina və kommunikasiya xətlərindən 10 metr aralı əkilməlidir. Yaşıllıqların salınması zamanı aqrotexniki və dendroloji qaydalara ciddi əməl olunmalı, bu Qaydanın əlavəsində müəyyən olunan minimal məsafələrə uyğun olaraq yaşıllıqların bina və mühəndis-texniki kommunikasiya xətlərindən uzaq olmasına riayət edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti