...

Dövlət Əmək Müfəttişliyi Xidməti Şəmkir və Tovuz rayonlarında seminarlar keçirib (FOTO)

İqtisadiyyat Materials 30 Mart 2018 14:59 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına uyğun olaraq Şəmkir və Tovuz rayonlarında əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə seminarlar keçirilib.
Dövlət Əmək Müfəttişliyi Xidməti Şəmkir və Tovuz rayonlarında seminarlar keçirib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına uyğun olaraq Şəmkir və Tovuz rayonlarında əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə seminarlar keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları” mövzusunda Şəmkir rayonunda təşkil olunan seminarda bu rayonda, habelə Gədəbəy, Daşkəsən rayonlarında fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak edib. Seminarda qeyd olunub ki, əmək normalarının tətbiqi, dəyişdirilməsi və onlara yenidən baxılması kollektiv müqavilələrlə müəyyən edilir, kollektiv müqavilə bağlanmadıqda isə həmkarlar ittifaqları ilə razılaşdırma əsasında işəgötürənlər tərəfindən həyata keçirilir.

Əməyin işəmuzd ödənilməsi qiymətlərinin müəyyən edilməsi ilə əlaqədar bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Hasilat, vaxt və xidmət normalarının qüvvədə olma müddətləri, hasilat normalarının yerinə yetirilməsi üçün şəraitin təmin olunması, əməyin ödənilməsi normaları və s. ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər diqqətə çatdırılıb.

Tovuz rayonunda keçirilən seminar isə “Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusuna aid olub. Ombudsmanın Gəncə Regional Mərkəzinin, Tovuz rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin və Tovuz, Qazax, Ağstafa rayonları üzrə ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmçinin Əmək Məcəlləsi hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunmasını qadağan edir. Ölkəmizin Beynəlxalq Əmək Təşkilatının “Mәcburi әmәk һaqqında” 29 saylı və “İcbari əməyin ləğv edilməsi haqqında” 105 saylı Konvensiyalarına qoşulduğu, milli qanunvericiliyin də bu Konvensiyalara uyğunlaşdırıldığı da vurğulanıb.

Hər iki seminarda iştirakçıların sualları da cavablandırılıb, onlara mövzu ilə bağlı maarifləndirici bukletlər təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti