...

Özbəkistanın Dövlət Vergi Komitəsi Azərbaycan İT şirkətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə maraq göstərir (FOTO)

İqtisadiyyat Materials 1 Noyabr 2018 11:00 (UTC +04:00)
Cari ilin 28-30 oktyabr tarixlərində “Cybernet” MMC-nin nümayəndələri – şirkətin baş direktoru İlham Namazov və biznesin inkişafı üzrə meneceri Fuad Əhmədov Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində işgüzar səfərdə olublar.
Özbəkistanın Dövlət Vergi Komitəsi Azərbaycan İT şirkətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə maraq göstərir (FOTO)

Bakı. Trend:

Cari ilin 28-30 oktyabr tarixlərində “Cybernet” MMC-nin nümayəndələri – şirkətin baş direktoru İlham Namazov və biznesin inkişafı üzrə meneceri Fuad Əhmədov Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində işgüzar səfərdə olublar. Səfərin başlıca məqsədi bu ölkənin işgüzar dairələri ilə təcrübə mübadiləsi və birgə fəaliyyət perspektivlərinin müəyyən edilərək yeni əməkdaşlıq imkanlarının yaradılmasından ibarət olub.

Səfər ərzində planlaşdırılmış görüşlərdən biri də Özbəkistanın Dövlət Vergi Komitəsində komitə sədrinin birinci müavini Alimjan Fayzibayev və texnoloji tədqiqatlar mərkəzinin rəhbəri Xayotjon Nasrulloyev ilə baş tutub. Görüş zamanı qarşı tərəfə “Cybernet” şirkətinin Azərbaycanda və bir sıra digər ölkələrdə tətbiq etdiyi IT həllər, xüsusilə dövlət elektron xidmətlərinin yaradılması və avtomatlaşdırılması sahəsindəki təcrübəsi barədə dolğun məlumat təqdim edilib. İki saatdan artıq keçən görüşdə Cybernet şirkəti Avtomatlaşdırılmış Vergi İnformasiya sisteminin (AVİS) təqdimatını keçirib. Özbəkistan tərəfi bu sistemi yüksək qiymətləndirmiş və sistemlə əyani şəkildə tanış olmaq üçün Azərbaycana rəsmi səfərə gələcəklərini bəyan ediblər.

Şirkətin digər dövlət orqanlarında keçirdiyi görüşlərdə Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastr və İdarəetmə sistemi (RERCMS), mərkəzləşdirilmiş ipoteka sistemi, Qazaxstanda tətbiq edilmiş müstəqil imtahanların aparılmasına dair informasiya sistemi uğurlu nümunələr olaraq qarşı tərəfin diqqətinə çatdırılıb.

Eyni zamanda, “Cybernet” şirkətinin öz fəaliyyətini qabaqcıl ISO 9001:2015 və ISO /IEC 20000-1:2011 beynəlxalq keyfiyyətin idarəedilməsi standartları əsasında qurduğu bildirilib, bunun da şirkətin təqdim etdiyi IT həllərinin etibarlılığının və yüksək keyfiyyətinin göstəricisi olduğu qeyd edilib. Vurğulanıb ki, şirkətin peşəkar mütəxəssislərdən ibarət olan və çoxsaylı beynəlxalq sertifikasiyalardan keçmiş işçi heyəti bu gün ən mürəkkəb biznes sistemlərini və informasiya-kommunikasiya həllərini tətbiq etməyə qadirdir.

Görüş zamanı Özbəkistanda qəbul edilmiş “İnformasiyalaşma” haqqında Qanunun tətbiqi çərçivəsində vergilər sahəsində dövlət informasiya resursları və sistemlərinin işlənib hazırlanmasında birgə əməkdaşlıq imkanları müzakirə edilib.

“Cybernet” MMC haqqında:

2004-cü ildə yaradılmış “Cybernet” MMC Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl həll təminatçılarından biridir. Şirkət dövlət qurumları və özəl müəssisələr üçün IT infrastrukturların yaradılması, texnoloji həll və yeniliklərin tətbiqi, istənilən mürəkkəblik səviyyəsinə malik proqram təminatının yazılması istiqamətlərində fəaliyyət göstərir. Cybernet şirkəti Azərbaycanda dövlət xidmətlərinin avtomatlaşdırılması və elektron xidmətlərin yaradılmasında böyük rol oynamışdır. Şirkət 2007-ci ildə “İntellekt” mükafatı, 2010-cu ildə yubiley medalı ilə təltif olunmuş, 2013-cü ildə “İlin İT şirkəti” seçilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti