...

Türkmənistan gəmisi Bakıda əsaslı təmir olundu (FOTO)

İqtisadiyyat Materials 13 Dekabr 2018 11:51 (UTC +04:00)
Türkmənistan gəmisi Bakıda əsaslı təmir olunub.
Türkmənistan gəmisi Bakıda əsaslı təmir olundu (FOTO)

Bakı. Trend:

Türkmənistana məxsus “CM.Rahil” təchizat-yedək gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunub. İşlər vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb.

QSC-dən Trend-ə verilən məlumata görə, zavodda gəminin baş və köməkçi mühərriklərinin soyuducuları, hava boruları, dayanacaq mühərriklərinin generatorları, köməkçi sükan qurğusunun elektrik mühərriki təmir edilib, xilasedici qayığın kran-balkasının sınaq işləri yerinə yetirilib.

Bundan başqa, gəminin burun hissəsində yerləşən braşpil qurğusu əsaslı təmir olunub, yedək bucurqadının hidravlik boru sistemləri dəyişdirilib. T1016 tipli yanğından mühafizə siqnalizasiya sistemi tüstü və istilik detektorları ilə birlikdə yoxlanılıb.

Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Üzməsinə təhlükə yaradan gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib və gəmi üzrə rəngləmə işləri yerinə yetirilib.

Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb, uğurla başa çatan sınaqdan sonra gəmi heyət və Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

“CM.Rahil” təchizat-yedək gəmisinin uzunluğu 59,25, eni 14,95 metrdir. Üzən vasitə CAT3516B tipli iki ədəd baş mühərriklə təchiz olunub.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC regionda güclü gəmi təmiri bazasına malikdir. Həm “Bibiheybət” Gəmi Təmiri Zavodu, həm də “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu mütəmadi xarici ölkələrdən sifarişlər alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti