...

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası: Azərbaycan 128 ölkə arasında az qidalanma halını azaltmağa nail olan 18 ölkədən biridir

İqtisadiyyat Materials 4 Fevral 2019 11:39 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan 128 ölkə arasında az qidalanma halını azaltmağa nail olan 18 ölkədən biridir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

H.Hüseynov bildirib ki, BMT-nin Minilliyin Bəyannaməsinə qoşulan və bu hədəflərə nail olmaqda qərarlı ölkə kimi Azərbaycanda yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin təmin edilməsi məqsədilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq edilib, bu proqramlar yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradıb, nəticədə ölkədə yoxsulluq səviyyəsi 2001-ci ildəki göstəricisindən 10 dəfə azalıb:

"Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasının yekunları ilə bağlı Romada keçirilən təqdimat mərasimində Azərbaycan yoxsulluğun aradan qaldırılması sahəsində qazanılan uğurlara görə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Cənub-Cənub” mükafatına layiq görülüb. Bu siyasətin nəticəsi olaraq, Azərbaycan dünyada 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir".

O qeyd edib ki, Minilliyin İnkişaf Məqsədlərinin icrasının başa çatması heç də qlobal dünyada mövcud çətinliklərin tamamilə aradan qaldırılmasını təmin edə bilməyib: "YUNESKO-nun 2016-cı il üzrə hesabatına görə, hazırda dünyada 6-17 yaş arası 263 milyon uşaq, yeniyetmə və gənc, o cümlədən inkişaf etməkdə olan ölkələrdə hər 4 qızdan 1-i məktəbdən kənarda qalıb. Eyni zamanda, dünyada hər il 6 milyondan artıq uşaq 5 yaşına çatmamış dünyasını dəyişir. Planetdə 800 milyondan çox insan aclıqdan və 1 milyarddan çox insan isə ifrat yoxsulluqdan əziyyət çəkir. Bunlar göstərir ki, 2015-ci ilədək nail olunması hədəflənən Minilliyin İnkişaf Məqsədləri bütün ölkələr tərəfindən tam olaraq həyata keçirilməyib. Ona görə də daha əhatəli, planetin, o cümlədən cəmiyyətin bütün təbəqələrinin fəal cəlb olunmasını nəzərdə tutan yeni qlobal təşəbbüsün icrasına zərurət yaranıb".

Şuranın katibi əlavə edib ki, bu məqsədlə BMT-yə üzv dövlətlər 2015-ci ilin sentyabrında keçirilən Sammitdə 2016-2030-cu illər üçün 17 məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına qoşulublar:

"Dayanıqlı inkişaf sahəsində 2030-cu il Gündəliyi və bu sənəddə ehtiva olunan DİM yoxsulluğun aradan qaldırılması, planetin mühafizəsi və hamı üçün tərəqqinin təmin edilməsinə yönələn öhdəliklərdən ibarətdir. 2030-cu ilədək İnkişaf Gündəliyi DİM üzrə nəticələr çərçivəsində təsbit olunmuş 3 əsas prinsipi – “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” prinsiplərini özündə əks etdirir".

H.Hüseynov qeyd edib ki, BMT-nin fəal üzvü kimi qlobal problemlərin həllində iştiraka töhfə verməyə böyük səy göstərən ölkəmiz də BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən qlobal DİM təşəbbüsünə qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti