...

“Atəşgah” səfər sığortası üzrə iri ödənişlər həyata keçirib

İqtisadiyyat Materials 15 Fevral 2019 12:47 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti (SŞ) 2018-ci ilin ikinci yarimilliyi ərzində səyahət sığortası üzrə iri ödənişlər həyata keçirib.

Trend-in məlumatına görə, “Atəşgah” Sığorta Şirkətinin ötən ilin son altı ayı ərzində səfər sığortası üzrə həyata keçirdiyi ən yüksək məbləğli sığorta ödənişi 23 443,40 AZN təşkil edib. Sığorta olunan Türkiyədə səfərdə olarkən aquaparkda yıxılaraq onurğa sümüyünü sındırıb. Sığortaçı tərəfindən Sığorta olunanın cərrahi və terapevtik müalicəsinə, eləcə də gediş-dönüş sənədində nəzərdə tutulmuş vaxtda səfərdən geri qayıda bilmədiyi üçün vətənə xüsusi şəraitdə (xərək və ailə üzvünün müşayiəti ilə) geri qayıtmasına çəkilən xərclər ödənilib.

“Atəşgah” SŞ tərəfindən səfər sığortası üzrə həyata keçirilən ikinci iri ödənişin məbləği 7 427,30 AZN təşkil edib. Sığorta olunan Türkiyəyə etdiyi səfərin son günü geri qayıdarkən hava limanında yıxılıb və nəticədə ayaq sümüyü sınıb. Sığortaçı tərəfindən Sığorta olunanın cərrahi və terapevtik müalicəsinə, eləcə də vaxtında səfərdən geri qayıda bilmədiyi üçün vətənə geri qayıtmasına çəkilən xərclər ödənilib. Hadisə ilə əlaqədar həmçinin, sığorta olunanla birlikdə səfər edən ailə üzvlərinin nəzərdə tutulmuş vaxtda səfərdən geri qayıda bilmədikləri üçün vətənə geri qayıtmalarına çəkilən xərclər ödənilib.

Şirkət tərəfindən səyahət sığortası üzrə ödənilən növbəti iri məbləğ 6 510,78 AZN olub. Sığorta olunan İsveçrə Konfederasiyasında səfərdə olduğu zaman səhhətində yaranan kardioloji şikayətlər səbəbindən tibb müəssisəsinə aparılıb. Sığorta olunanın terapevtik müalicəsinə çəkilmiş xərclər Sığortaçı tərəfindən həyata keçirilib.

Ümumilikdə 2018-ci ildə “Atəşgah” SŞ-nin səfər sığortası üzrə ödənişlərinin ümumi həcmi 500 min AZN çox təşkil edib.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-cı ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat alıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti