...

330-a yaxın dövlət əmlakı özəlləşməyə çıxarılır - VAXT

İqtisadiyyat Materials 1 Mart 2019 23:50 (UTC +04:00)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mart ayı üzrə keçiriləcək hərraclara ümumilikdə 330-a yaxın dövlət əmlakı çıxarılıb.

Komitədən Trend-ə verilən məlumata görə, bunlardan 82-si səhmdar cəmiyyəti, 224-ü kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və yarımçıq tikili, 22-si isə nəqliyyat vasitəsidir. Qeyd edək ki, özəlləşdirilmə hərracları 05, 12, 19 və 27 mart tarixlərində saat 10:00-da Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Mart ayı üzrə keçiriləcək hərraclarda sərmayəçilər səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketlərini də özəlləşdirə bilər. Qeyd edək ki, səhmdar cəmiyyətlərindən 8-i Yevlaxda, 6-sı Salyanda, 4-ü Kürdəmirdə qalanı isə digər şəhər və rayonlarda yerləşir. Səhmdar cəmiyyətlərinin aid olduğu iqtisadi sahələrə gəldikdə isə onlardan 30-u aqrar, 18-i inşaat, 16-sı sənaye, 12-si nəqliyyat, 6-sı isə xidmət istiqamətində ixtisaslaşıb.

Hərraca çıxarılan kiçik dövlət müəssisələri fəaliyyət istiqaməti, yerləşdiyi ərazi və ümumi faydalı sahə baxımından müxtəlifdir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kv.m-dən 9,3 min kv.m-ə qədərdir. Sərmayə yatırımları üçün əmlak axtaran investorlar rahatlıqla kiçik dövlət müəssisələri üzrə seçim edə bilər. Bu dövlət əmlakları arasında ictimai iaşə, ticarət, turizm və digər sahələr üzrə səmərəli fəaliyyət üçün obyektlər kifayət qədərdir.

Qeyd edək ki, əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılan dövlət obyektləri mehmanxana, anbar, əmlak kompleksi, yeməkxana və digər fəaliyyət sahələrinə aiddir.

Az büdcə ilə biznesə başlamaq istəyənlər seçimini qeyri-yaşayış sahələri üzrə edə bilər. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 11.9 kv.m ilə 266.7 kv.m intervalındadır. Qeyri-yaşayış sahələrinin yerləşdiyi regionlar da müxtəlifdir. Belə ki, bu növ dövlət obyektlərindən 31-i paytaxtda, 9-u Sumqayıtda, 3-ü Daşkəsəndə, 2-si Sabirabadda digərləri isə Samux, Gəncə, Şirvan, Bərdə və Tərtərdə yerləşir.

Avtomobil sahibi olmaq istəyənlər mart ayı üzrə keçiriləcək hərraclarda istehsal tarixi 1999-2014-cü illər olan nəqliyyat vasitələrinin özəlləşməsində iştirak edə bilər. Qeyd edək ki, avtomobillərə təyin olunmuş ilkin hərrac qiymətləri 1440 manat ilə 10 min manat arasındadır.

Özəlləşməyə çıxarılan yarımçıq tikililərdən 3-ü Cəlilabadda, 2-si İsmayıllıda, digərləri isə Ağstafa, Lənkəran, Sabirabad və Mingəçevirdə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti